Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyi qeyd edildi
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetində Xalq yazıçısı Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunmuş “Ustad yazıçı – görkəmli folklorşünas” adlı konfrans keçirildi.
Konfransda universitetin professor-müəllim, tələbə heyəti ilə yanaşı, yazıçının oğlu Turan İbrahimov, yazıçı-ssenarist Hafiz Ataxanlı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşları iştirak etdilər.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və görkəmli yazıçının zəngin yaradıcılığından bəhs etdi. Bildirdi ki, Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun ərsəyə gətirdiyi hər bir əsər vətənpərvərlik və qəhrəmanlıq duyğularının daşıyıcısı rolunu oynayıb. Həmin əsərlər bu gün də oxucuların mütaliə etdiyi ədəbiyyatlar sırasındadır. Əzizə Cəfərzadə eyni zamanda bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarıb. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin professoru kimi uzun illər Azərbaycanda elmi kadrların hazırlanması işinə layiqli töhfə verib.
Konfransda Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Cəfakeş alim-pedaqoq”, həmin kafedranın müəllimi Günel Zeynallı “Əzizə Cəfərzadə və folklor”, kafedranın baş müəllimi Afət Rəfiyeva “Ədəbi şəxsiyyətlərin obrazı Əzizə Cəfərzadənin romanlarında”, Filologiya fakültəsinin IV kurs tələbəsi Leyla Ağayeva “Eşq sultanı” romanında tarixilik və müasirlik”, neft –qaz yataqlarının işlənməsi və texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov ( yazıçının oğlu) “Əzizə Cəfərzadə haqqında xatirələr”mövzularında çıxış etdilər. Əzizə Cəfərzadənin yaradıcılığından, müəllimlik fəaliyyətindən, gördüyü xeyriyyə işlərindən, daha çox yazıçılıq fəaliyyətindən söz açdılar. S.Ə.Şirvaniyə həsr olunmuş “Aləmdə səsim var mənim”, Nişat Şirvanidən bəhs edən “Vətənə qayıt”, M.Ə.Sabirlə A.Səhhətin dostluğundan danışan “Yad et məni” romanlarından ibarət trilogiyasından söhbət açan məruzəçilər bu əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bədii nümunələr kimi qiymətləndirdilər. Bildirdilər ki, yubiley tədbirinin keçirilməsi Əzizə Cəfərzadənin timsalında yazıçılara ehtiramın təntənəsi, həm də azərbaycançılıq ideyalarının təbliği istiqamətində əhəmiyyətli və təqdirəlayiq bir hadisədir.
Sonda görkəmli ədibin oğlu Turan İbrahimov yubiley tədbirinin təşkilinə görə SDU-nun rəhbərliyinə təşəkkür etdi. Turan İbrahimov Ə.Cəfərzadənin yaradıcılıq prosesi, şəxsi arxivində qorunan əlyazmaları, işıq üzü görən kitabları barədə məlumat verdi. O, yazıçının son əsəri olan “Eşq sultanı”nın diktafon vasitəsilə və öz səsi ilə yazıldığını diqqətə çatdırdı, görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirdi.
Turan İbahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş əsərləri”ndən ilk on iki cildi universitetin Elmi kitabxanasına hədiyyə etdi.
Konfransda yazıçı-ssenarist Hafiz Ataxanlı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşı Nazxanım Cəfərova və digər iştirakçılar ədəbiyyatşünas alim Əzizə Cəfərzadə yaradıcılığı ilə bağlı maraqlı fikirlər söylədilər, onunla bağlı xatirələrini danışdılar.
Daha sonra Əzizə Cəfərzadənin dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olundu.
Konfrans zamanı Xalq yazıçısı Əzizə Cəfərzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət slayd izlənildi.
Xalq yazıçısı Əzizə Cəfərzadənin əsərlərindən ibarət sərgi təşkil olundu.
Mətbuat xidməti