Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimi UDNTU-da keçirilən magistr dissertasiya işlərinin müdafiəsində iştirak etdi
Yerləşdirilmə tarixi : 23 Dekabr 2021 16:27
SDU-nun alimi UDNTU-da keçirilən magistr dissertasiya işlərinin müdafiəsində iştirak etdi
Dekabrın 23-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasında Maliyyə və kredit ixtisasının Biznesin iqtisadi və maliyyə təhlükəsizliyi magistr ixtisaslaşması üzrə МББдЗ-19.01 saylı qrupda keçiriləcək magistr dissertasiya işlərinin müdafiəsində onlayn iştirak etdi.
UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrasının dosenti M.O.Mamatelaşvilinin elmi rəhbərliyi ilə magistrantlar: Verbova Yekaterina Vladimirovna “Maliyyə hesabatlığı təşkilatın iqtisadi təhlükəsizliyinin diaqnostikasının informasiya bazası kimi”, Taqirova Kamilla Eduardovna, “Rəqabət şəraitində təsərrüfat subyektinin iqtisadi təhlükəsizliyinin təmin olunması strategiyasının hazırlanması”, dosent E.F.Muxamadiyevanın rəhbərliyi ilə isə Şaymardinova Janna Dmitriyevna “Rəqəmsal iqtisadiyyat şəraitində təşkilatın iqtisadi təhlükəsizliyinin təmin olunması mexanizmi” mövzularında dissertasiya işlərini təqdim etdilər.
Y.V.Verbova tədqiqat obyekti kimi seçdiyi «Спецкомитет» MMC-nin son illər ərzində fəaliyyətinin əsas iqtisadi göstəricilərinin, o cümlədən müəssisənin ödəniş qabiliyyətinin, maliyyə nəticələrinin dinamikasının təhlilini təqdim etdi, işgüzarlıq akivliyinin göstəricilərinin hesabatları, müflisləşmə ehtimalının qiymətləndirilməsi haqqında məlumat verdi, «Спецкомитет» MMC SWOT təhlili ilə komissiya üzvlərini tanış etdi, aparılmış təhlil nəticəsində müəssisənin güclü və zəif cəhətlərini müəyyənləşdirdi, araşdırılan müəssisənin rentabelliyinin yüksəldilməsi ehtiyatlarını təklif etdi.
K.E.Taqirova tədqiqat obyekti kimi seçdiyi «Парижанка» MMC istehlakçıları arasında apardığı sorğunun nəticələri haqqında məlumat verdi, sorğu əsasında istehsal olunan un məmulatlarının reytinqi ilə, müəssisə üçün apardığı SWOT təhlilin nəticələri ilə komissiya üzvlərini tanış etdi, iqtisadi təhlükəsizliyin təmin olunması strategiyasının hazırlanmasının çətinlikləri və onların aradan qaldırılması yolları barədə məlumat verdi.
J.D.Şaymardinova rəqəmsal iqtisadiyyatın xüsusiyyətlərini açıqladı, maliyyə hesabatlılığının formaları və növləri haqqında məlumat verdi, tədqiqat obyekti kimi seçdiyi «Живая вода» MMC timsalında iqtisadi təhlükəsizlik şöbəsinin qurulmasının xərclərinin təhlilini apardı və səmərəliliyini hesabladı, iqtisadi təhlükəsizliyinin diaqnostikasının təkmilləşdirilməsi yollarını təklif etdi.
Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparıldı, Şura üzvləri çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndirdilər. Dissertasiya işlərinin müzakirəsindən sonra səsvermə yolu ilə təqdim olunan işlər müsbət qiymətləndirildi. Magistrantlar ən yüksək balla ‒ 100 balla qiymətləndirildilər.
İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova çıxış edərək magistrantları təbrik etdi. Qeyd etdi ki, magistrantlar daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməlidirlər. Dosent Lalə Mahmudova çıxışının sonunda magistrantlara uğurlar arzuladı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az