Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbə Elmi Cəmiyyətinin yeni bir uğuru
Yerləşdirilmə tarixi : 06 İyul 2015 00:00
Tələbə Elmi Cəmiyyətinin yeni bir uğuru

Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri və cəmiyyətin elmi-intellektual potensialının inkişafına töhfələr verən Sumqayıt Dövlət Universiteti bu gün ölkəmizdə aparılan təhsil islahatlarının prinsiplərinə, gələcəyə aparan yolun strategiyasını müəyyənləşdirən meyarlara əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar  üzrə Dövlət Proqramı”-nın Tədbirlər Planının yerinə yetirilməsi ilə bağlı “Ali təhsil müəssisələrində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasna­mə”nin və “Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 27 iyun 2014-cü il tarixli əmrindən irəli gələn məsələlərin həlli istiqamətində univer­si­te­timizdə müvafiq işlər görülür. Ötən müddət ərzində, sentyabr-dekabr aylarında təşkilati işlər həyata keçirilmişdir. Universitet Tələbə Elmi Cəmiy­yətinin strukturu yenidən formalaşaraq fakültə və universitet TEC şuraları yaradılmış və şuralar fəaliyyətə başlamışdır.
Bu gün SDU-nun TEC-i elmi axtarışlara həvəs göstərən 550-dən çox tələbə­ni öz sıralarında birləşdirir. Fakültələr üzrə tələbə elmi cəmiyyətlərinin səmərəli işini təşkil etmək, kafedralarla, tələbə elmi-tədqiqat işlərinin rəhbər­ləri ilə sıx əlaqələrin həyata keçirilməsini təmin etmək məqsədilə TEC-ə elmi rəhbərlər təyin olunmuşdur. 
Tədris ili ərzində həyata keçirilən tələbə elmi-tədqiqat işlərinin ümumi nəticəsi kimi Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti üzvlərinin universitetin müvafiq struktur bölmələrində təşkil edilmiş Tələbə Elmi Seminarlarında dinlənilən məruzələri əhatə edən, bir növ hesabat xarakteri daşıyan və ilk təcrübəmiz olan “Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti­nin Seminar  materialları toplusu” nəşr olunmuşdur. Topluya universitetin 7 fakültəsində, 44 kafedrasında və 6 elmi tədqiqat labo­ra­to­ri­ya­sın­da yerinə yetirilmiş, fevral-may aylarında fakültələr üzrə tələbə elmi semi­nar­la­rın­da və universitetin yekun elmi seminarında dinlənilmiş məruzə­lərdən seçilən 78 məruzə daxil edilmişdir.
Bu məqsədlə də universitetimizin  “Heydər Əliyev Mərkəzi”ndə Tələbə Elmi Cəmiyyətinin hazırladığı tələbələrin seminar materialları toplusunun təqdimatı keçirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxışında bildirdi ki, müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Bu gün təhsilimizin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və  qayğısının davamıdır.
Rektor vurğuladı ki, belə topluların nəşr olunması tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarır, onlarda elmə həvəs və maraq oyadır. Son illər universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinə müsbət təsir göstərmişdir. Ölkə başçısı cənab İlham Əliyevin elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. 
Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin artırılmasına dair imzaladığı sərəncamdan irəli gələn bu əsasnaməyə uyğun universitetimizin Tələbə Elmi Cəmiyyəti tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq məqsədilə onlarla qarşılıqlı iş qurur. Bu gün belə nəfis şəkildə çap olunmuş toplu TEC-in uğurlu fəaliyyətinin göstəricisidir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov  çıxış edərək bildirdi ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı, daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsildir. Məhz təhsil intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində         müstəsna    əhəmiyyət   daşıyır.
Seminarda çıxış edən TEC-in elmi rəhbəri, dosent İslam Paşayev diqqətə çatdırdı ki, bu seminarları keçirməkdə əsas məqsədimiz elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və istiqamətləndirməkdir.   Bu günkü uğurumuz keçirdiyimiz silsilə seminarların nəticəsidir. Mən inanıram ki, universitetimizin tələbələri Avropa təhsil məkanında öz yerlərini tutacaq və universitetimizi layiqli təmsil edəcəklər.
Bizə yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə, təhsil naziri cənab Mikayıl Cabbarova və rektor Elxan Hüseynova öz dərin təşəkkürümü bildirirəm.
Tədbirdə tələbələrin sualları cavablandırıldı və fikir mübadiləsi aparıldı. Tələbələr ilk  seminar məqalərinin toplu şəklində çapdan çıxması münasibəti ilə  rektora təşəkkür etdilər və ondan imza atmasını xahiş etdilər.
Sonda Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az