Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalandı
Dekabrın 25-də Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, hər iki ali təhsil müəssisəsinin prorektor və dekanlarından ibarət nümayəndə heyəti iştirak etdilər.
Rektor professor Elxan Hüseynov qonaqları salamladı və qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət, qayğıdan söz açdı. Bildirdi ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti bir çox layihələrə imza ataraq, əlaqələrini yüksək səviyyəyə çatdırmışdır. SDU respublikamızın və dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalamışdır.
Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev səmimi qarşılanmaya və imzalanacaq əməkdaşlıq müqaviləsinə görə SDU-nun rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində son illərdə görülən işlərdən və mütəxəssis hazırlığından söz açdı. Qeyd etdi ki, universitetlər arasında imzalanacaq əməkdaşlıq müqaviləsi münasibətlərin genişlənməsi ilə yanaşı, elmin və təhsilin inkişafına böyük təkan verəcək.
Sonra “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın,“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını, “2019–2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı, “Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Planının (2020–2025)” müddəalarını, eləcə də AzTU-nun və SDU-nun Nizamnamələrini nəzərə almaqla Əməkdaşlıq müqaviləsi imzalandı.
Əməkdaşlıq müqaviləsini Sumqayıt Dövlət Universiteti adından rektor professor Elxan Hüseynov, Azərbaycan Texniki Universiteti adından rektor professor Vilayət Vəliyev imzaladılar.
Daha sonra SDU və ATU arasında qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrində əməkdaşlığa dair müzakirələr aparıldı.
Qeyd edək ki, memorandumun predmeti Tərəflər arasında təhsil və elm sahəsində ikitərəfli maraq kəsb edən əməkdaşlığın qurulması, Tərəflərin təcrübə və imkanlarına əsaslanaraq universitetlərarası əlaqələrin genişləndirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsidir.