SDU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı” günü təşkil olundu
Yanvarın 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2021–2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirildi.
Əvvəlcə nümayəndə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Nümayəndə heyətini universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşıladı. Prorektor payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verdi. Bildirdi ki, imtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 10.12.2021-ci il tarixli F-570 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir. İmtahanların keçirilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na ciddi riayət etməyin vacibliyini xüsusi vurğuladı.
Prorektor onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində payız imtahan sessiyasının 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək keçirilməsi nəzərdə tutulub. Universitetdə keçirilən imtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apellyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan qərargahı yaradılmışdır.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə rektorluğun məsul şəxsləri: Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov müvafiq fakültələr üzrə təhkim olunmuşdular.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilərək hər gün 08:30-dan 17:30-dək fəaliyyət göstərir. Elmi kitabxanada elektron kitabxana tələbələrin ixtiyarına verilib.
Prorektor onu da diqqətə çatdırdı ki, sessiya dövründə universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil ediləcək. İmtahanlara universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü nəzarət edir. Rektor sessiya müddətində tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir. Prorektor onu da vurğuladı ki, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində də imtahanlar eyni qaydada həyata keçirilir.
Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.Tələbələr də öz növbələrində qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.
Mətbuat xidməti