SDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Bu gün Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və tələbə heyəti, şəhid ailələrinin üzvləri şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir iştirakçıları universitetin Elmi kitabxanası tərəfindən təşkil olunmuş, 20 Yanvar faciəsinə həsr edilmiş kitab sərgisinə baxış keçirdilər. Sərgidə 20 Yanvar hadisələri barədə məlumatlar dərc olunmuş kitablar nümayiş etdirildi.
Akt zalında davam edən tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, 20 Yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verdi. Bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və milli mübarizə tarixinin növbəti səhifəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Həmin müdhiş gecədə Sumqayıt Dövlət Universitetinin də bəzi məzunları, əməkdaşların ailə üzvləri qəhrəmanlıq göstərərək Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Onların ruhu qarşısında dərin hörmət və ehtiramla baş əyir, əziz xatirəsini birlikdə anırıq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb, əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Nəticədə, yüzlərlə adam öldürüldü və yaralandı. Azərbaycan xalqının bu ağır günlərində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək buraya toplaşmış minlərlə azərbaycanlı qarşısında çıxış etdi bu hadisəyə qəti etirazını bildirdi. Heydər Əliyev SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirdi və bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdi. Heydər Əliyev bu məşhur çıxışında ilk dəfə 20 Yanvar hadisələrinə siyasi qiymət verdi və çıxışın mətni bütün dünyada və respublikada geniş yayıldı.
Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mərkəzi hökumət bütün təqiblərə və təsirlərə baxmayaraq, xalqımızın milli demokratik və müstəqilliyi ideyalarını qıra bilmədi. Bu faciədən sonra xalqımız daha da mətinləşdi. Müstəqillik uğrunda sona qədər mübarizə apardı və müstəqilliyə nail oldu. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Rektor onu da qeyd etdi ki, bu gün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi və siyasi bacarığı nəticəsində, qüdrətli ordumuzun rəşadəti sayəsində, xalqın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “Azadlığa gedən yolda xalqımızın mücadiləsi”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov “20 Yanvar faciəsi və onun nəticələri” mövzularında məruzə ilə çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan bəhs etdilər, bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu vurğuladılar. Bildirdilər ki, 20 Yanvar günü Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Ardınca isə tədbirdə şəhid məzunların ailə üzvləri: şəhid Vidadi Qəhrəmanovun atası İslam Qəhrəmanov, şəhid Həmzə Adıyevin bacısı Səadət Adıyeva çıxış edərək onlarla bağlı xatirələrini bölüşdülər, onların Vətənə olan bağlılığından, torpaq sevgisindən söz açdılar. Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə tələbələrin ifasında vətənpərvərlik ruhunda “Qanlı Yanvar hadisələri” nə həsr olunmuş şeirlər səsləndirildi.
Sonra Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi.
Mətbuat xidməti