Əməkdaşımız “Azərbaycan beynəlxalq təhsil menecerləri Assosiasiyası” nın seminarında iştirak etdi
Yanvarın 25-də Emerald Suite Otelinin konfrans zalında Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (AIEMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu (Monterey, Kaliforniya, ABŞ) və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar assosiasiya və bilik mübadiləsi vasitəsilə Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsinin genişləndirilməsi” adlı seminar təşkil edildi. Seminarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli ERASMUS+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər nümayəndələri iştirak etdilər.
Tədbirin məqsədi Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrini Azərbaycanda beynəlxalq təhsilin genişləndirilməsi üzrə yeni metodlarla tanış etmək və bu istiqamətdə beynəlxalq təşkilatlardan cəlb olunmuş mütəxəssislərin rəhbərliyi ilə yeni aspektlərin müəyyən edilməsində birgə müzakirələrin aparılması idi.
Görüşü giriş sözü ilə ABŞ-ın Azərbaycandakı Səfirliyinin təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova və Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının təsisçisi və idarə heyətinin sədri Arif Nəcimov açaraq iştirakçıları salamladı. Daha sonra məruzəçilər ABŞ Səfirliyinin ictimai əlaqələr üzrə rəsmi nümayəndəsi Cefri Anismanın, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Tural Əhmədovun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji planlama üzrə prorektoru Könül Pirverdiyevanın, ADA Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fariz İsmayılzadənin çıxışları dinlənildi.
Həm yerli, həm də beynəlxalq mütəxəssislərin cəlb olunduğu seminarda Beynəlxalq Təhsil İdarəçiliyi kafedrasının dosenti, Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun ABŞ-ın Kaliforniya ştatı üzrə təmsilçisi David Vikin “Azərbaycanda beynəlxalq təhsilin dəstəklənməsində xarici dövlətlərin rolu” Avropa Birliyinin ERASMUS proqramı üzrə Milli Ofisinin icraçı direktoru Pərviz Bağırovun “Beynəlxalq təhsil üçün dövlət qurumları ilə əlaqə qurmaq imkanları” mövzularında geniş təqdimatları nümayiş olundu.
Nahar fasiləsindən sonra görüş sessiyalar üzrə, beynəlxalq təhsilin cari reallıqları və gələcək istiqamətləri, ikili təhsil proqramları, beynəlxalq təhsilin Azərbaycan modeli, müəllim-tələbə mobilliyinin dövlət agentlikləri vasitəsilə həyata keçirilməsi mövzusunda fikir mübadiləsi formatında keçirildi.
Görüş çərçivəsində universitet nümayəndələri Azərbaycanda beynəlxalq təhsilin genişləndirilməsi üzrə yeni metodlarla tanış olaraq və müxtəlif yerli və beynəlxalq universitetlər, təhsil müəssisələri və Təhsil Nazirliyinin nümayəndələri ilə müzakirələr apardı.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA) 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilmiş və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən fəaliyyətə başlamışdır. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva təmsil etdi.
Mətbuat xidməti