SDU-da “Müasir Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda onlayn formatda məşğələ keçirildi
Yanvarın 31-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Müasir Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda onlayn formatda məşğələ keçirildi. Tədbirdə universitet rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri və digər müvafiq struktur bölmələrinin məsul şəxsləri, ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr ilə yanaşı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov iştirak etdi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara həyatda möhkəm cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik, təhsildə və sosial fəaliyyətlərində böyük nailiyyətlər arzuladı və Azərbaycan Gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə gənclərə verdiyi önəm və onların inkişafı uğrunda gördüyü işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün böyük inam hissi ilə deyə bilərik ki, respublikamızda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Son illər gənclərin dövlət idarəçiliyinə cəlb olunması və onların ictimai-siyasi fəallıqlarının artırılması üçün mühüm tədbirlər, çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gənclərin mənəvi və fiziki inkişafına, elmi-intellektual potensialının artırılmasına, onların əsl vətəndaş kimi formalaşmalarına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan gəncliyi hər zaman dövlətin diqqət mərkəzindədir. Böyük məmnunluq hissi ilə deyə bilərik ki, SDU-nun tələbələri vətənpərvər və müasir düşüncəli gənclərdir. Onlar Vətən müharibəsi dövründə həm ön cəbhədə, həm də arxa cəbhədə öz qəhrəmanlıqları ilə seçilərək Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsinin yazılmasında fəal iştirak etdilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qəhrəman Azərbaycan Ordusu düşmən üzərində şanlı, parlaq Qələbə qazandı. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyata, güclü orduya malik olması, ən əsası, xalqımızın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında Dəmir Yumruq kimi birləşməsi hesabına əldə edildi. Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində, Vətənimizin ərazi bütövlüyünün qorunmasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri şəhidlik zirvəsinə ucaldı. Bütün şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirik və qazilərimizə Allahdan şəfa diləyirik!
Rektor onu da bildirdi ki, gənclər öz güclərinə inanmalı, onlara yaradılmış şəraitdən maksimum və faydalı istifadə etməlidirlər.
Tədbirdə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov “Müasir Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev siyasətinin rolu” mövzusunda məruzə ilə çıxış etdi, gəncləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı. Bildirdi ki, gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan Bayrağını xarici dövlətlərdə yüksəldirlər.
Elgün Hümbətov onu da diqqətə çatdırdı ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident cənab İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev “Azərbaycan Respublikasının Prezidentinin dövlət idarəçiliyində gənclərə verdiyi önəm”, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva “Ulu öndər Heydər Əliyevin adını daşıyan fondun Azərbaycanı dünyada tanıtmaq missiyası”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Emil Məmmədov “Sumqayıt Dövlət Universitetinin ictimai həyatında gənclərin rolu”, Riyaziyyat fakültəsinin III kurs tələbəsi Nəzrin Xurşudova “Ulu öndərin gənclər siyasətinin layiqli davamçısı – İlham Əliyev” mövzularında məruzə ilə çıxış etdilər. Qeyd etdilər ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət siyasətinin başlıca sahəsinə çevrilib. Son illərdə gənclər siyasəti sahəsində atılan davamlı addımlar, hazırlanan qanun layihələri və Dövlət Proqramları Azərbaycan gəncinin formalaşmasında, inkişafında, təhsilində, intellektual səviyyəsində müsbət tərəfdən özünü göstərməkdədir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
Mətbuat xidməti