Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 8-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini salamladı, SDU-da həyata keçirilən mədəni-kütləvi tədbirlər, respublika və beynəlxalq miqyaslı elmi konfranslar, tədris və imtahan prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə ətraflı məlumat verdi və gündəlikdəki məsələləri diqqətə çatdırdı. COVID-19 infeksiyasına qarşı mübarizənin davam etdiyini qeyd edən rektor universitetin tələbə və müəllim kollektivini müvafiq dozalar üzrə vaksinasiya prosesində daha fəal iştiraka və xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırdı.
Rektor professor Elxan Hüseynov Humanitar məsələlər üzrə prorektor Ramiz Hüseynovu YAP Sumqayıt Şəhər Təşkilatına sədr seçilməsi münasibətilə universitet rəhbərliyi və kollektivi adından təbrik etdi, ona yeni məsul vəzifəsində uğurlar arzuladı. Qürurla qeyd etdi ki, Sumqayıt kimi böyük bir şəhərin YAP Təşkilatının sədri bizim universitetin nümayəndəsi və yetirməsidir. Sonra rektor dosent Zəfər Hüseynovu rektorun müşaviri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladı.
2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrinə hazırlıq barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDTK üzrə SDU-nun nəzdində SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər. 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Təhsil Nazirliyinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrini nəzərə almaqla, SDU üzrə 13.12.2021-ci il tarixli əmrə əsasən verilən konkret tapşırıqlar, onların icrası vəziyyəti, tədrisin keyfiyyəti, elmi fəaliyyət və tələbələrlə iş sahəsində görülən işlər barədə danışıldı. Bildirildi ki, imtahan sessiyasının gedişi zamanı mütəmadi olaraq “Açıq qapı” günləri keçirilmişdir. “Açıq qapı” günlərində SDU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və kütləvi informasiya vasitələrinin nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan sessiyasının gedişatını izləmiş, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanmışlar. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
SDU-nun Strateji İnkişaf Planının həyata keçirilməsi ilə bağlı 2021-ci il üzrə Fəaliyyət Planının yerinə yetirilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış etdi. Bildirdi ki, 2021-ci ilin Fəaliyyət Planı üzrə kifayət qədər səmərəli və məhsuldar iş aparılmışdır. Xüsusən, tələbə evinin əsaslı təmiri və yenidən qurulması yüksək səviyyədə yerinə yetirilmişdir. 2021-ci il üzrə Fəaliyyət Planında bəzi məsələlərin davamlı xarakter daşıdığını nəzərə alaraq, onların 2022-ci ilin Fəaliyyət Planında nəzərə alınmasının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırdı.
SDU-nun Strateji İnkişaf Planının həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə Fəaliyyət Planı haqqında rektorun müşaviri dosent Zəfər Hüseynov məlumat verdi.
Rektor 2022-ci il üzrə Fəaliyyət Planının yerinə yetirilməsinə nəzarətin Zəfər Hüseynova həvalə olunduğunu diqqətə çatdırdı.
Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən iclasda İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimi Ağayeva Fəridə Şahbaz qızının 3337.01 ‒ İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə “Böyük xətti yerdəyişməli tutum vericisinin ölçmə dəqiqliyinə təsir göstərən faktorların tədqiqi və işlənməsi” mövzusunda dissertasiya işinə elmi rəhbər AMEA-nın İdarəetmə sistemləri İnstitutunun laboratoriya rəhbəri texnika elmləri namizədi dosent Məzahir İsayevin, İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimi Allahverdiyeva Könül Əsvər qızının 3337.01‒İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə “Petri şəbəkəsinin tətbiqi və neft bazalarının texnoloji proseslərinin modelləşdirilməsi və idarə olunmasının model və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işinə elmi rəhbər Sumqayıt Dövlət Universitetinin İnformatika kafedrasının müdiri texnika elmləri doktoru, professor Valeh Mustafayevin, İnformasiya və kompüter texnikası kafedrasının laboratoriya müdiri, dissertant Quliyeva Leyla İlham qızının 3337.01‒İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə “Natrium hipoxlorit məhlulunun axınlı elektrolizinin informasiya-ölçmə sisteminin model və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işinə elmi rəhbər Sumqayıt Dövlət Universitetinin İnformatika kafedrasının müdiri texnika elmləri doktoru, professor Valeh Mustafayevin, Elektrotexnika və energetika kafedrasının dissertantı Hacıyeva Könül Ramiz qızının 3340.01‒ Elektrotexniki sistemlər və komplekslər ixtisası üzrə dissertasiya işinin yeni redaksiyada “Vibrasiyalı qurğular üçün çoxfunksiyalı pyezoelektrik çevricilərin tədqiqi” mövzusu və elmi rəhbər texnika üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənovun təsdiq edilməsi barədə qərar verildi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 11 adda tədris vəsaiti daxil olub, onlardan 1-i dərs vəsaiti, 10-u fənn proqramıdır. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
Mətbuat xidməti