SDU -nun Elmi kitabxanası və Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
Fevralın 18-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanası və şəhərin Səməd Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbirdə universitetin professor-müəllim, tələbə heyəti və Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşları iştirak etdilər.
Əvvəlcə Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elmar Xəlilov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, Xocalı faciəsinə uzanan yoldan və bəşəriyyət əleyhinə törədilmiş cinayətdən danışdı. Bildirdi ki, erməni silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 30-cu ildönümünü əvvəlki illərdən fərqli olaraq yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsi ilə anırıq.
Beləki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir. Bu faciə zamanı qədim Azərbaycan şəhəri Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, itkin düşüb, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. Minlərlə arxeoloji, tarixi-memarlıq abidələri dağıdılıb, milli-mənəvi dəyərlərimiz vandalcasına məhv edilib.
Dosent Elmar Xəlilov onu da xüsusi olaraq vurğuladı ki, Xocalı soyqırımı əsl siyasi və hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətli layihələri reallaşdırır. Həmçinin dosent Heydər Əliyev adına Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətindən danışaraq qeyd etdi ki, artıq bir çox dövlətlər Xocalıda törədilən qırğını soyqırım kimi qəbul edib.
Tədbirdə Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor müavini Natavan Axundzadə “Xocalı həqiqətlərinin dünyaya çatdırılması”, Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasının məlumat biblioqrafiya şöbəsinin müdiri Rəqsanə Əbdürəhmanova “Xocalı tarixin ən dəhşətli qətliamıdır”, Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aytən Əsədova “Xocalının məhv olunmuş abidələri”, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın xidmət şöbəsinin müdiri Zenfira Mirzəyeva “Xocalı faciəsi bədii ədəbiyyatda”, SDU-nun Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Elmin Novruzlu “Şuşanın fəthi Xocalının qisasıdır” mövzularında çıxış edərək erməni millətçiləri tərəfindən son 200 ildən artıq bir müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti haqqında danışdılar və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olmasını bir daha vurğuladılar. Qeyd etdilər ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Səməd Vurğun adına Mərkəzi Kitabxananın müdiri Yeganə Hüseynova, əməkdaşı şəhid anası Ruhiyyə Əhmədova, qazi Xəzər Abdullayev və digər natiqlər çıxış edərək qeyd etdilər ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının intiqamını aldı.
Mətbuat xidməti