Sumqayıt Dövlət Universiteti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım atıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir çox sahələrin inkişafını təmin etmək məqsədi ilə verdiyi sərəncam və fərmanlar, o cümlədən təhsil sahəsində də uğurla davam etdirilir. Prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli Qərarının icrasını təmin etmək üçün ölkəmizdə bir çox qurumlar differensial əmək haqqı sistemindən istifadə edirlər. Bu gün Sumqayıt Dövlət Universiteti də bu sistemə qoşularaq əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın qərarına əsasən bu ildən inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim, müəllim heyətinin differensial sistem ilə əmək haqları artırıldı.
Qeyd edək ki, dünyanın nüfuzlu universitetlərində tətbiq edilən differensial əmək haqqı sistemi əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi, uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədi daşıyır.
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əmək haqlarının 46.5 faiz artırılması gənclərin elmə marağının və elmi fəaliyyətinin inkişaf etdirilməsi, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Universitetin dekanları 1500 manatdan, kafedra müdirləri (professorlar) 1300 manatdan, professorları 1000 manatdan, dosentləri 800 manatdan çox, baş müəllimləri 600 manatdan, müəllimləri 500 manata qədər əmək haqqı alacaqlar. Onu da qeyd edək ki, artım universitetin bütün əməkdaşlarına şamil olunub. Bu gün Sumqayıt Dövlət Universitetində professor-müəllim heyətinin orta aylıq əmək haqqı 1000 manatdır.
Mətbuat xidməti