Tələbələrimiz Sumqayıtda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdilər
Xocalı faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də dərin hüznlə anılır. Faciənin ildönümü ilə bağlı fakültələr üzrə tədbirlər, dəyirmi masalar, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunur. Bu tədbirlərin davamı olaraq fevralın 24-də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq, tələbələrimiz Sumqayıt şəhərindəki Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad etdilər.
Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.
Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Nemət İbayev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğuladı. Bildirdi ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.
Mətbuat xidməti