SDU-nun ictimai həyatında öz fəallığı ilə fərqlənən xanımlar mükafatlandırıldı
8 Mart ‒ Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Dünyanın bir çox yerlərində olduğu kimi,Azərbaycanda da 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.
Martın 4-də Sumqayıt Dövlət Universitetinin ictimai həyatında öz fəallığı ilə fərqlənən bir qrup xanım əməkdaş universitetin rektoru professor Elxan Hüseynovun muvafiq əmrinə əsasən fəxri fərman və pul mükafatına layiq görüldülər.
Tədbiri SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov açaraq, universitetin rektoru professor Elxan Hüseynov adından 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də universitetin xanım əməkdaş və tələbələrini təbrik etdi. Qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş, ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğuladı.
Elmar Xəlilov onu da qeyd etdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev həmişə qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmış, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların cəmiyyətdə hərtərəfli fəaliyyətinə geniş imkanlar yaratmışdır. Dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirilir.
Elmar müəllim çıxışı zamanı Sumqayıt Dövlət Universitetində də çox sayda xanımların çalışdığını, təhsil aldığını diqqətə çatdıraraq bildirdi ki, ölkənin ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində Sumqayıt Dövlət Universitetində çalışan xanımların da böyük əməyi var və onlar da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Sonra dosent Elmar Xəlilov universitetin rektoru professor Elxan Hüseynovun adından universitetin ictimai-siyasi həyatında fəal iştirak edən xanım əməkdaşlara fəxri fərmanlar təqdim edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzuladı.
Sonda təltif olunan xanım əməkdaşlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlıqlarını bildirdilər.
Mətbuat xidməti