SDU-nun filologiya elmləri doktoru, professor Astan Bayramovun 75 illik yubileyi qeyd olundu
Martın 30-da universitetin rektoru professor Elxan Hüseynov SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Astan Bayramovu 75 illik yubileyi ilə əlaqədar qəbul etdi.
Yubilyarın alim və pedaqoq kimi səmərəli elmi-pedaqoji fəaliyyətindən danışan rektor onu təbrik edərək bildirdi ki, hər bir təhsil ocağının tarixində ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətə, tələbələrinin təlim-tərbiyəsinə fədakarlıqla xərcləmiş dəyərli müəllimlər var. Onlardan biri də görkəmli ədəbiyyatşünas alim Astan Bayramovdur. O, uzun illərdir çoxcəhətli fəaliyyəti və yaradıcılığı, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların, işlədiyi kollektivin hörmət və ehtiramını qazanıb. Astan Bayramov həmçinin tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rektor çıxışının sonunda professor Astan Bayramova “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 75 illik yubileyi munasibətilə” Fəxri fərman və pul mükafatı təqdim etdi.
Elm və innovasiyalar üzrə prorektor Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva və digər çıxışçılar alimin yüksək insani keyfiyyətlərindən, səmərəli elmi fəaliyyətindən danışdılar. Qeyd etdilər ki, Astan Bayramovun karyerası, əsasən, Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlıdır. O, bir müddət Sumqayıt Dövlət Universitetində dosent, sonra kafedra müdiri (2003‒2009) və filologiya fakültəsinin dekanı (2003-2014) vəzifələrində çalışmışdır. Hazırda Astan Bayramov SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiridir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Tərəqqi" medalı ilə təltif edilmişdir. Professor Astan Bayramov Azərbaycan dili, dil tarixi, dialektologiya, onomastika, toponimiya, folklorşünaslıq və s. mövzulara dair 8 kitabın, 25 fənn proqramının, 150-dən çox elmi məqalənin müəllifidir. O, eyni zamanda "Kitabi-Dədə Qorqud ensiklopediyası"nın (Bakı 2002, 1-ci və 2-ci cildlər) həmmüəlliflərindən biridir. Elmi məqalələri Azərbaycan, İran, Türkiyə və Rusiyada çap olunmuşdur.
Sonda Astan Bayramov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və çıxışçılara minnətdarlığını bildirdi.
Biz də dəyərli ziyalımız, çox hörmətli alimimiz, filologiya elmləri doktoru, professor Astan Bayramova uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Mətbuat xidməti