Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllim-tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər
Martın 31-də Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllim-tələbə heyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.
Kompleksin ərazisində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov ermənilərin törətdikləri soyqırım barədə tələbələrə məlumat verərək bildirdi ki, erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırım Memorial Kompleksi inşa edilib.
Mətbuat xidməti