Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun aliminin monoqrafiyası Almaniyada nəşr olunub
Yerləşdirilmə tarixi : 04 Aprel 2022 12:57
SDU-nun aliminin monoqrafiyası Almaniyada nəşr olunub
Texnika elmləri doktoru, professor Muxtar Səmədovun “Fosforlu gübrələrin istehsalı prosesinin intensivləşdirilməsi” mövzusunda monoqrafiyası Almaniyanın LAP Lambert Academic Publishing nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitaba İSBN 978-620-3-19381-7 seriya nömrəsi verilmiş və geniş miqyasda yayınlanmışdır. Monoqrafiyaya SDU-nun Elmi Şurasının 13 iyul 2020-ci il tarixli iclasının (prot.№11) qərarı ilə nəşr hüququ verilmişdir. Kitabda intensivləşdirici və modifikasiyaedici komponentlərin iştirakı ilə təbii fosfatların sulfat turşusunda emalı prosesinin nəzəri, təcrübi və texnoloji əsasları şərh edilmişdir. İntensivləşdirici əlavələrin iştirakı ilə flüorapatitin sulfat turşusunda parçalanması reaksiyasının bəzi kinetik qanunauyğunluqları öyrənilmiş, həmçinin tozşəkilli materialların silindrik tip aparat daxilində dənəvərləşdirilməsi prosesinin mexanizminin tədqiqinə, dənəvər kütlənin ölçülərinə görə aparat daxilində paylanmasının təkamülünə və iyerarxik qanunauyğunluqlarına  dair nəzəri və təcrübi materiallar verilmişdir.
Kitabdan Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrin, Kimya ixtisasının Qeyri-üzvi kimya ixtisaslaşması və Kimya mühəndisliyi ixtisasının Qeyri-üzvi maddələrin istehsal texnologiyası ixtisaslaşması üzrə təhsil alan magistrantların tədris prosesində istifadə etmələri məqsədəuyğundur. Ondan doktorantlar, dissertantlar, müəllimlər və bu sahədə çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az