Ölkəmizdə həyata keçirilən uğurlu sahələr sırasında özünəməxsus yer tutan təhsil hər bir sahənin təməl daşıdır. Cəmiyyəti inkişaf etdirən yeganə amil təhsildir. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu gün cəmiyyətin fəaliyyət konsepsiyasına çevrilmişdir. Aparıcı dünya dövlətləri də təhsilə, xüsusilə ali təhsilə müstəsna önəm verirlər. Bu gün Sumqayıt Dövlət Universitetində təhsilin inkişafı, keyfiyyətin yüksəldiləməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Professor-müəllim heyətinin potensial imkanlarına əsaslanan elm və təhsil, idarəetmə modelinin qurulması təhsil ocağında sağlam və şəffaf təhsil mühitinin yaradılması, ali məktəbin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması ön plana çəkilir. Beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, kadr potensialının tərkibinin yaxşılaşdırılmasına daim diqqət artırılır. Mühazirə və seminarlarda akademik biliklərlə yanaşı təcrübi bilik və bacarıqların, qabiliyyətlərin öyrədilməsinə, fənnlər üzrə proqram və dərsliklərin, dərs vəsaitlərinin, mühazirə mətnlərinin elektron variantlarının, işçi tədris proqramlarının yüksək səviyyədə hazırlanması daim universitetin rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Belə ki, universitetimizdə 7 fakültə və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi, 45 kafedra, 6 elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Eyni zamanda, 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə isə magistr hazırlığı aparılır. Universitetimizdə 100-dən artıq əcnəbi tələbə təhsil alır. Ötən illərlə müqayisədə tələbə kontingenti 2 dəfədən çox artaraq 5 minə, tələbə qəbulu 645-dən 1242-yə, magistrların sayı isə 90-dan 350-yə çatdırılmışdır. Bu il isə 1695 tələbə qəbulu həyata keçirilir. Bu görülən işlərin nəticəsi olaraq universitetimizə təhsil almaq istəyən tələbələrin sayı ilbəil artır. Bu da ən böyük uğurumuz, nailiyyətimizdir.
Avqustun 14-dən Sumqayıt Dövlət Universitetində 2015/2016-cı tədris ilində qəbul olmuş abituriyentlərin sənəd qəbulu başlamışdır. Universitetin rəhbərliyinin, professor-müəllim heyətinin diqqət və qayğısı ilə tələbələr yüksək səviyyədə qarşılanırlar. Demək olar ki, universitetimiz gənc tələbələrin simasında yeni ruh, yeni nəfəs ilə yenidən canlanır. Bu gün universitetimizə daxil olan tələbələrin sevinc hissləri onu deməyə əsas verir ki, gələcəyimiz bilikli, bacarıqlı, savadlı gənclərin ruhunda yüksəlir.
Qeydiyyat zamanı ilk tanış olduğumuz tələbələr Kimya və biologiya fakültəsinin Ekologiya mühəndisi ixtisasına daxil olmuş Lalə Cabbarova, Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olmuş Təbib Məmmədov, Fizika və elektroenergetika fakültəsinin Fizika ixtisasını seçmiş Yetər Mehrabova, Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuş Günel Qəribova söhbət zamanı bildirdilər ki, Sumqayıt Dövlət Universitetini seçməklə professor-müəllim heyətinin yüksək səviyyəli bilik və bacarığı ilə keyfiyyətli təhsil alacağımıza və uğurlu karyera quracağımıza inanırıq. Biz də öz növbəmizdə, gənc tələbələrə müvəfəqqiyyətlər arzulayırıq.
Mətbuat xidməti