Bioloqlar Baytarlıq Elmi-Tədqiqat İnstitutu və onun nəzdində fəaliyyət göstərən Baytarlıq klinikasında oldular
Aprelin 5-də SDU-nun Kimya və biologiya fakültəsinin 318 və 334-cü qrup tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu və onun nəzdində fəaliyyət göstərən Baytarlıq klinikasında oldular.
Tələbələr Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən quş xəstəlikləri, virusologiya, parazitologiya, balıq və arı xəstəlikləri şöbəsi, baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsinin laboratoriyaları və quraşdırılmış ən son model texniki avadanlıqlarla yaxından tanış oldular.Tələbələri BETİ-nin direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Siala Rüstəmova və elmi işlər üzrə direktor müavini baytarlıq elmləri üzrə fəlsəfə doktoru, dosent Səhman Bayramov Akt zalında salamladılar, institutun fəaliyyəti, burada aparılan tədqiqat işləri haqqında məlumatlandırdılar. Daha sonra Səhman Bayramov tələbələri bütün labortoriyalar ilə tanış etdi. Burada Bel, Amskop, Motik markalı müasir mikroskoplar, müxtəlif heyvanlardan 2 dəqiqə ərzində 25 qan göstəricisi üzrə analiz apara bilən avtomatik qan analizatoru cihazı, avtomatik sidik analizator cihazı, yem və südün keyfiyyət göstəricilərini müəyyən edən cihazlar, balıq, quş, xırdabuynuzlu və iribuynuzlu heyvanların konservləşdirilmiş helmintləri, xəstə arı şanıları tələbələrin xüsusilə marağına səbəb oldu. Parazitologiya şöbəsinin müdiri b.f.d., dosent Aygün Əzizova tələbələrə quşlarda helmintləri aşkar etmək üçün tam helmintoloji yarma müayinəsini əyani şəkildə nümayiş etdirdi.
Daha sonra tələbələr Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan Baytarlıq klinikası ilə tanış oldular. Bu tibb müəssisəsi nəinki Bakının, eləcə də Cənubi Qafqazın ilk böyük və müasir klinikasıdır. Klinikanın İDEA İctimai Birliyinin sədri Leyla Əliyeva və kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə 2021-ci il dekabrın 28-də açılışı olmuşdur. 1000 kvadratmetr sahəni əhatə edən klinikada özəl baytar, feldşer, bioloq laborantlardan ibarət əməkdaşlar çalışır və ilkin baytarlıq yardımı xüsusi avtomobillər vasitəsilə xidmətlər göstərilir. Klinikada eləcə də qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası fəaliyyət göstərir. Burada tələbələr stasionarda saxlanılan heyvanları izlədikdən sonra itin üzərində aşağı ətrafın bud sümüyündə aparılan cərrahiyyə əməliyyatında iştirak etdilər. Bu, tələbələrin böyük marağına səbəb oldu.
Mətbuat xidməti