Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi
Yerləşdirilmə tarixi : 07 Aprel 2022 14:36
SDU-da İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyinə həsr olunmuş tədbir keçirildi
Aprelin 7-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında “İrəvan Müəllimlər Seminariyasının Azərbaycan təhsil tarixində şərəfli yolu ‒ 140 il adlı” tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Elmi kitabxananın müdiri Nailə Əmrahova  açaraq iştirakçıları salamladı və “İrəvan Müəllimlər Seminariyasının Azərbaycan tarixində  yeri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi əhəmiyyətli tarixi hadisədir. Bu, çar Rusiyası dövründə Azərbaycan türklərinin İrəvan quberniyası ərazisində mədəni irsinin mövcudluğunu təsdiqləyir. İrəvan Müəllimlər Seminariyasının varlığı sübut edir ki, Azərbaycan türklərinin əzəli torpaqları, dədə-baba yurdu olan Qərbi Azərbaycanda köklü, əsaslı maarifçilik, elm, təhsil, mədəniyyət inkişaf etmişdi. İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə fəaliyyətə başlayıb. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi  Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin  inkişafında əhəmiyyətli rol oynamışdır.
Daha sonra tədbirdə Məlumat-biblioqrafiya şöbəsinin müdiri Rəqsanə Əbdürəhmanova “Tarixi yaddaşın bərpası gələcək hədəflərə çatmaqdır”, Oxu zalının baş kitabxanaçısı  Xatirə Əliyeva “XIX əsrin 70-ci illərində Cənubi Qafqazda qəza məktəbləri”, Bədii şöbənin kitabxanaçısı Təhminə Ağakişiyeva “İrəvan Müəllimlər Seminariyasının ilk məzunları”, Humanitar məsələlər üzrə prorektorluğun operatoru, SDU 01 saylı Ərazi İlk Partiya Təşkilatının sədr müavini   Pərizad Rəhimova “Ulu öndər Heydər Əliyevin Azərbaycan müəlliminə verdiyi dəyər” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Bu məzunlar xalq  kütlələri arasında savadsızlığın aradan qaldırılması işində  yaxından iştirak edirdilər. Həmin təhsil ocağının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq  edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin  artırılmasında istifadə edilir.
Natiqlər onu da qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Ulu öndərin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Neçə-neçə unudulmuş mədəniyyət xadiminin yubileyləri keçirildi. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Yekun olaraq Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev mövzu ətrafında çıxış edərək, İrəvan Müəllimlər Seminariyasının təhsil və pedaqoji fikir tariximizin, maarifçilik və  milli mədəniyyət tariximizin formalaşmasında əsaslı mövqeyindən bəhs etdi. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatçılara dərin təşəkkürünü bildirdi.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az