Prezident seçkilərindən 4 il keçir
2018-ci ilin aprelin 11-də cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirirdi. Həmin tarixi hadisədən 4 il keçir. Bu münasibətlə universitetin Tarix və coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Əvvəlcə Birinci və İkinci Qarabağ müharibəsində Vətən və xalq yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq Prezident cənab İlham Əliyevin prezidentlik fəaliyyəti, hakimiyyəti illərində Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi çoxşaxəli və yorulmaz fəaliyyəti, tarixi Qarabağ Zəfəri və digər vacib məqamlardan söhbət açdı. Bildirdi ki, 4 il əvvəl Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə böyük etimad göstərməklə ölkəmizin gələcək inkişafına, sabitliyə, tərəqqiyə səs verdi. Bu illər ərzində cənab İlham Əliyev Azərbaycanı gücləndirib qüdrətli ölkəyə çevirdi. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Prezident cənab İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur, həmçinin bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Bu qarşılıqlı inam sayəsində Prezident cənab İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Tarix və coğrafiya fakültəsinin dosenti Cavid Məmiyev, fakültənin II kurs tələbələri: Əbülfəz Məmmədov, Orxan Dadaşov çıxış edərək Prezident cənab İlham Əliyevin, xüsusilə, son 4 ilin möhtəşəm uğurlarını vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Vətən müharibəsində qazanılan tarixi Zəfər, diplomatik müstəvidə əldə edilən unikal üstünlüklər, iqtisadi yüksəliş, dünya miqyaslı nəhəng layihələrdən danışdılar. Qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Tədbirin sonunda cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Mətbuat xidməti