Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Aprelin 12-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələlər barədə məlumat verdi və universitetin tədris-elmi fəaliyyəti üzrə inkişafından danışdı.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı.
Akademik qruplarda keçirilmiş I kollokviumun nəticələri barədə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov çıxış etdi. Bildirdi ki, akademik qruplarda keçirilən kollokviumlar tələbələrin imtahanlara hazırlığına kömək məqsədi daşıyır, onların yazı vərdişlərini təkmilləşdirir və imtahanlara hazırlıq istiqamətində səylərinin artırılmasını şərtləndirir. Faiq Şirinov fakültələr üzrə kollokviumların nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, kollokviumlarda qeyri-müvəffəq qiymət alan tələbələrlə fərdi qaydada iş aparılması və onların növbəti kollokviuma ciddi hazırlaşmalarının təmin edilməsi fənn müəllimlərinə və kafedra müdirlərinə tapşırılıb.
Magistrantların XXII Respublika elmi konfransına hazırlığın vəziyyəti barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi. Bildirdi ki, konfransın yüksək təşkilatçılıqla, məzmun və forma cəhətdən dolğun, müasir tələblərə uyğun səviyyədə keçirilməsi nəzərdə tutulur.
Magistrantların XXII Respublika elmi konfransının yüksək səviyyədə təşkil olunması və mütəşəkkil formada keçirilməsinin təmin olunması Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilova və Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova həvalə olundu.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, Magistrantların Respublika elmi konfransını hər il keçiririk, artıq kifayət qədər təcrübə var, bununla yanaşı, bütün materiallar ciddi yoxlanılmalıdır. Konfransın onlayn formatda keçirilməsi ilə əlaqədar olaraq texniki məsələlər vaxtında həll olunmalı və diqqət mərkəzində saxlanılmalıdır.
SDU-nun məzunlarının işlə təmin olunması istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev çıxış edərək karyera mərkəzinin fəaliyyət istiqamətləri, tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, məzunların sənaye müəssisələri ilə işgüzar münasibətlərin möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən söhbət açdı. Diqqətə çatdırdı ki, SDU Sumqayıtda və respublikada fəaliyyət göstərən bir çox müəssisələrlə əməkdaşlıq edir. Bu da məzunlar üçün çox böyük imkanlar yaradır. Bu gün məzunlarımız ölkəmizin müxtəlif sahələrində fəallıq nümayiş etdirirlər.
SDU Karyera Mərkəzinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin yaratdığı Azərbaycan Karyera Mərkəzləri Şurasının fəaliyyətində yaxından iştirakı məqəsəduyğun hesab edildi və Karyera Mərkəzinin tələbələrlə və məzunlarla işinin gücləndirilməsi və fəaliyyət istiqamətlərinin genişləndirilməsinin təmin edilməsi mərkəzin müdiri dosent Əmirxan İsayevə tapşırıldı.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
Mətbuat xidməti