Filologiya fakültəsinin professor-müəllim heyətinin Elmi kitabxanaya təqdim etdikləri nəşr əsərlərinin təqdimatı və sərgisi keçirildi
Aprelin 14-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Filologiya fakültəsinin professor-müəllim heyətinin nəşr əsərlərinin təqdimatı və sərgisi keçirildi.
Sərgidə son illərdə Filologiya fakültəsində çap olunmuş 131 adda 212 kitab və jurnal nümayiş etdirildi.
Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti iştirak etdilər. Sərgidə nəfis tərtibatda çap edilmiş dərs vəsaitləri diqqəti daha çox cəlb edirdi. Bu dərsliklərin əksəriyyəti 2004‒2022-ci illərdə çapdan çıxıb.
Sərgini giriş sözü ilə açan universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov iştirakçıları salamladı, müəllifləri təbrik etdi, təqdimatın əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, kitab sərgisi ardıcıl olaraq digər fakültələrdə də təşkil olunacaq. Elmar Xəlilov belə nəfis nəşrlərin oxucular üçün çox dəyərli olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, qlobal informasiya cəmiyyətinin inkişafı şəraitində Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanası ölkənin mədəni tərəqqisinə mühüm töhfələr verməkdədir. Hazırda respublikanın kitabxana-informasiya şəbəkəsinin fəaliyyəti yeni inkişaf mərhələsindədir və informasiya mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır. Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılması kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə təşkil olunan bugünkü təqdimatın böyük əhəmiyyəti var. Çünki mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Oxunan hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik və bacarıqlar qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir.
Daha sonra Filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva müəllifləri təbrik etdi və yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi. Qeyd etdi ki, cəmiyyətin inkişafında yüksəkixtisaslı kadrlar mühüm rol oynayır. Təsadüfi deyil ki, hər hansı bir ölkənin tərəqqisi bir çox amillərlə yanaşı, ziyalıların, vətəndaşların bilik səviyyəsi ilə də müəyyən olunur. Sumqayıt Dövlət Universitetində güclü bir ziyalı mühiti yaradılmışdır. Universitetin Elmi kitabxanasına daxil olunan hər bir kitab müəllifin dərin araşdırmasının, yuxusuz gecələrinin zəhmətinin bəhrəsidir. Ona görə də gəlin oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək.
Çıxış edən müəlliflər sərginin təşkilinə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər. Bildirdilər ki, ədəbiyyatdan istifadə edilməklə və beynəlxalq təcrübəyə əsaslanaraq nəşr olunan hər bir kitab təkcə ali məktəb tələbələri üçün deyil, arzusunda olan bütün insanlar üçün dəyərli mənbədir.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldular, müəlliflərlə fikir mübadiləsi apardılar.
Qeyd edək ki, nəşrlər filologiya üzrə ixtisaslaşan alimlər, mütəxəssislər, ali məktəblərin tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Mətbuat xidməti