SDU-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarının Yay Təcrübə Proqramının təşkili ilə bağlı təqdimatı keçirildi
Aprelin 14-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları arasında görüş keçirildi. Görüşün məqsədi tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında SDU-nun tələbələri üçün ödənişsiz təşkil ediləcək Yay Təcrübə Proqramı ilə bağlı idi.
Tədbiri fakültənin dekanı dosent Aynurə Yəhyayeva açaraq qonaqları və iştirakçıları salamladı, görüşün məqsəd və əhəmiyyəti barədə danışdı. Bildirdi ki, Yay Təcrübə Proqramı tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq, karyera qurmaq istiqamətində onlara yardımçı olacaq. Təcrübə proqramı çərçivəsində tələbələr dövlət vergi orqanlarının işi ilə tanış olacaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında düzgün istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır.
Dekan onu da qeyd etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Sumqayıt Dövlət Universiteti arasında olan ikitərəfli əməkdaşlıq uğurla davam edir.
Tədbirdə Dövlət Vergi Xidməti İnsan Resursları Baş İdarəsinin rəis müavini Ceyhun Mehdiyev Yay Təcrübə Proqramının üstünlükləri, proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər, seçim mərhələləri barədə geniş məlumat verdi. Dövlət Vergi Xidməti İnsan resursları Baş idarəsinin İşə qəbul şöbəsinin rəisi Leyla Babayeva, İşə Qəbul Şöbəsinin Baş Dövlət müfəttişi Xumar İsmayılova, 2 saylı ƏVİ-nin rəis müavini Orxan Vəliyev, Dövlət Vergi Xidməti Tədris Mərkəzinin İş və inkişaf bölməsinin rəisi Şəhla Səfərova, mərkəzin baş müəllimi Tural Abbasov Yay Təcrübə Proqramını əhatə edəcək mövzuya uyğun təqdimatlar etdilər. Bildirdilər ki, Yay Təcrübə Proqramı ali təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır. Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla, 1 iyul 2022-ci il tarixindən 2 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək, yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Daha sonra görüşdə yay Təcrübə proqramı ilə bağlı videoçarx nümayiş olundu və tələbələrin çoxsaylı sualları Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən cavablandırıldı.
Mətbuat xidməti