SDU-da “Müasir dövrdə bələdiyyələrin ölkədə yerli özünüidarəetmədə əhəmiyyəti” adlı seminar keçirildi
Aprelin 19-da Sumqayıt Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının təşkilatçılığı ilə “Müasir dövrdə bələdiyyələrin yerli özünüidarəetmədə əhəmiyyəti” adlı seminar keçirildi.
Tədbiri giriş sözü ilə Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Məmmədova Səidə açaraq qonaqları və iştirakçıları salamladı, sonra isə qısa şəkildə seminarın məqsədini qeyd etdi. Bildirdi ki, vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının xüsusi rolu var. Seminarı keçirməkdə məqsəd yerli özünüidarəetmə orqanları ilə əlaqələrin davamlı olaraq genişləndirilməsi, eləcə də tələbələrin gənc mütəxəssis kimi yetişdirilməsində idarə və təşkilatların qarşılaşdığı problemlərin həlli yollarının öyrənilməsidir.
Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov bələdiyyə institutunun vacibliyi, Azərbaycanda onun inkişaf yolları barədə öz mülahizələrini bölüşdü.
Biznesin təşkili və menecment kafedrasının baş müəllimi İmran Əmirov “Müasir dövrdə bələdiyyələrin yerli özünüidarəetmədə əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər, bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul yaradır. Ümumilikdə, yerli özünüidarəetmə və bunun tərkib hissəsi olan müxtəlif strukturların əsas məqsədi insanların müəyyən bir sosial qurumda müxtəlif məqsədlər əsasında birləşməsini təmin etməkdən ibarətdir.
Sumqayıt bələdiyyəsinin Büdcə üzrə daimi komissiyasının sədri, icraçı katib Akif Kərimov “Yerli idarəetmə orqanlarının fəaliyyətinin prioritet istiqamətləri” mövzusunda çıxış etdi. Qeyd etdi ki, bələdiyyələrin hüquqi statusunun qanun baxımından müəyyənləşdirilməsi öz əksini ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə – 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa, bələdiyyələrin hüquqi bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başladı. Yerli özünüidarəetməni ölkəmizdə gedən demokratikləşmə prosesinin mühüm bir sahəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini də müəyyən edib, onun inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyən etdiyi siyasi kurs Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib, yerli özünüidarəetmə daha da təkmilləşdirilib. Hazırda qarşıda olan əsas məqsədlərdən biri öz doğma torpaqlarından köçkün düşən insanların yurdlarına qayıdışının, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasının və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasının təmin olunmasıdır.
Tədbirdə qonaq qismində Sumqayıt bələdiyyəsinin Təşkilat şöbəsinin müdiri Abbasov Şıxəli Salman oğlu iştirak edirdi.
Seminarın sonunda mövzu ilə bağlı müzakirələr və fikir mübadiləsi aparıldı, tələbələrin sualları cavablandırıldı.
Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova və Biznesin təşkili və menecment kafedrasının dosenti Məlahət Hüseynova çıxış etdilər.
Sonda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva tədbirin qonaqları və təşkilatçılarına öz minnətdarlığını bildirdi, tədbirin əhəmiyyətinə toxunaraq onun maarifləndirmə və təşviqat istiqamətində gərəkli olduğunu diqqətə çatdırdı.
Mətbuat xidməti