SDU-nun prorektoru Azərbaycan‒Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi tədbirdə iştirak etdi
Aprelin 19-da Azərbaycan‒Fransa Ticarət və Sənaye Palatasının (Afchamber) təşkilatçılığı ilə ADA universitetində “Sənaye sektoru ilə ali təhsil arasında boşluqların aradan qaldırılması” mövzüsunda konfrans keçirildi. Konfrans Afchamberin tərkibində “Təhsil Komitəsi” və “İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi”nin birgə təşəbbüsü ilə baş tutdu.
Tədbirin məqsədi sənaye sektoru peşəkarlarının hazırlanmasında və işə götürülmə prosesində, ali təhsil müəssisələrinin və sənaye şirkətlərinin üzləşdikləri başlıca çətinliklərin və gözləntilərin müəyyən edilməsi idi. Həmçinin əmək bazarının ehtiyaclarının ödənilməsi və yeni məzunların işə cəlb olunması yolunda görülə biləcək işlərin müzakirəsi də tədbirin gündəliyində əsas yer tuturdu.
Konfransda sənaye sektoru üzrə Alstom, Schlumberger, Total Energies və s. kimi beynəlxalq və yerli şirkətlərin direktorları və insan resursları üzrə peşəkarları, habelə ölkənin bu sahədəki əsas ali təhsil müəssisələrinin rektor, prorektor və Karyera Mərkəzlərinin nümayəndələri iştirak etdi.
Konfransı Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun və Palatanın idarəedici direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başladı. Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransda Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli məruzə ilə çıxış etdi. Tədbir AFchamberin İnsan resursları Komitəsinin sədri Samirə Nəcəfovanın sənaye şirkətləri ilə aparılan sorğu əsasında hazırlanan təqdimatının nümayişi ilə davam etdi.
Tədbirdə qonaqlar Afchamber Təhsil Komitəsinin sədr müavinləri Lətifə Nəsibova və Elvin Qasımovun təqdimatında universitetlərlə aparılan sorğunun nəticələri ilə tanış oldular. Sonda sənaye şirkətləri və universitet təmsilçiləri arasında açıq müzakirə həyata keçirildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetini tədbirdə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev təmsil etdi.
Mətbuat xidməti