SDU-da tələbələr üçün təlim keçirildi
Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə Kərimovanın təqdimatında “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı şöbəsinin müdiri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin təqdimatında “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti” mövzuları istiqamətində təlim keçirildi.
Tələbələrə İKT sektorunda rəqəmsal istedadlara çox böyük tələbat olduğu aşılandı. İşəgötürənlərin ehtiyac duyduğu rəqəmsal bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verildi. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizliyin vacibliyi, kiber mühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən oldu. Tələbələrə nitq mədəniyyətinin insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissəsi olduğu bildirildi. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətinin də daxil olduğu, belə yüksək keyfiyyətə yiyələnən şəxslərin cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək şansının olduğu aşılandı. Onlar həm də auditoriya qarşısında çıxış etmək qorxusuna qalib gəlməyin yolları istiqamətində təlimatlandırıldılar.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı"adlı layihənin icrası uğurla davam etdirilir. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.
Mətbuat xidməti