V Beynəlxalq olimpiadanın qaliblərini mükafatlandırma tədbiri keçirildi
Aprelin 27-də Ufa Dövlət Neft Texniki Universitetinin Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının təşkil etdiyi “Texniki sistemlərin avtomatlaşdırılması” adlı V Beynəlxalq olimpiadanın qaliblərini mükafatlandırma tədbiri keçirildi. Tədbirdə müxtəlif ölkələrdən olan universitetlərin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan UDNTU-nun rektoru Oleq Baulin olimpiadanın iştirakçılarını və qonaqları salamladı. Bakıdan yenicə qayıtdığını vurğulayan rektor Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq sahəsində hökümətlərarası komissiyanın növbəti iclası çərçivəsində Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov ilə Assosiasiyanın 3-cü Forumunun keçirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd etdi. Rektora dərin təşəkkürünü bildirən Oleq Baulin sözü SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Qafar Atayevə verdi.Mükafatlandırma tədbirində çıxış edən prorektor Qafar Atayev SDU-nun rektoru professor Elxan Hüseynovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırdı və Beynəlxalq Olimpiadanın qaliblərini, mükafatçılarını və bütün iştirakçılarını təbrik edərək, onlara təhsil və peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Həmçinin Ufa Dövlət Neft Texniki Universitetinin rəhbərliyinə, şəxsən Oleq Baulinə və təşkilatçılara beynəlxalq olimpiadanın yüksək səviyyədə keçirilməsinə görə təşəkkürünü bildirdi.
Sonra olimpiada qaliblərinə sertifikat və mükafatlar təqdim olundu. Mükafatlandırma tədbirinə onlayn formatda qoşulan SDU komandasının sertifikat və mükafatlarının universitetə göndəriləcəyi bildirildi.
Qeyd edək ki, aprelin 5-də onlayn formatda keçirilən olimpiadada Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Cavanşir Məmmədovun rəhbərliyi ilə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 625-ci qrup tələbələri: Qüdrət Ağazadə, Əli Həsənli, Ceyran Məmmədova və Pərviz Həsənov iştirak etdilər. Nəticələrə əsasən I mərhələdə Mühəndislik fakültəsinin 625-ci qrup tələbəsi Qüdrət Ağazadə fərdi formada iki bölmə: texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları və ölçmənin metroloji təminatı üzrə III yerə layiq görüldü. II mərhələ üzrə isə SDU-nun komandası “Məntiqi qurğuların sintezi klassik təqdimat proseduru” nominasiyası üzrə qalib oldu.
Mətbuat xidməti