SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirildi. İclasda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilovla yanaşı ATİAHİRK-nin Rəyasət Heyətinin üzvü Sumqayıt şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Xudaverdi Əliyev də iştirak edirdi.
Dosent Elmar Xəlilov iclası açıq elan edərək komitənin tərkibində dəyişikliklərin olacağını və komitəyə yeni sədr seçiləcəyini bildirdi və son illər ərzində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən görülən işlər haqqında danışdı.
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev sədrliyi dövrü üçün hesabat xarakterli çıxış etdi və sədr vəzifəsinə yeni seçiləcək şəxsə uğurlar arzuladı.
Hesabat çıxışından sonra komitə sədrliyinə seçki keçirildi. Seçkinin nəticəsi olaraq Mühəndislik fakültəsinin 1-ci kurs magistrantı Tayfun Hacılı Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi.
Mətbuat xidməti