Zərərli vərdişlərə yox deyək
Aprelin 28-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirildi.
Tədbiri Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq, tədbirin tələbələr arasında sağlam həyat tərzinin, hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu və bu istiqamətdə məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladı. Dekan narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında daima bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Bu baxımdan narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycan Respublikasının dövlət siyasətində başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimləri: İlhamə Şammədova “Siqaret və onun fəsadları”, Gülnarə Ələkbərli “Narkomaniyanın acı nəticələri”, Dilarə Piriyeva “Alkoqolizm və sağlamlıq” mövzularında çıxış edərək bu ümumbəşəri bəlanın gələcək genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışdılar. Bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.
Tədbirdə SDU TEC-in sədri Şəfa İsayeva zərərli vərdişlərə aid tələbələr tərəfindən elmi məqalələrin hazırlanması barədə məlumat verdi, qeyd etdi ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir.
Tədbirin sonunda narkomaniyanın mənfi fəsadlarından bəhs edən videoçarx nümayiş etdirildi.
Mətbuat xidməti