SDU-da “Şuşa İli” tədbirləri davam edir
Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində “Şuşa İli”nə həsr olunmuş “Azad Şuşa” adlı tədbir keçirildi.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqiəlik sükutla yad edildi.
Tədbiri fakültə dekanı dosent Xalidə Həsənova açaraq bildirdi ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra ‒ 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan Bayrağı Şuşada dalğalanır. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq bir daha ona, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu gün dövlət başçısı ölkə həyatında ən vacib əlamətdar günləri, ən önəmli tarixləri məhz Şuşada qeyd edir.
Tədbirdə İlham Əliyevin Şuşanın azad olunmasını xalqa çatdırdığı o unudulmaz çıxışı izlənildi.
Tələbələrin ifasında Şuşa haqqında şeirlər səsləndirildi, “Şuşa dünən, bu gun, sabah” adlı videoçarx maraqla izlənildi.
Tələbələr tərəfindən səhnələşdirilən, tarixi anları özündə əks etdirən tamaşalar göstərildi. Şuşada fəaliyyət göstərən elm ocağı ‒ ADPU-nun Şuşa filialı haqqında məlumat verildi.
Tədbirdə Riyaziyyat fakültəsinin 44 günlük müharibədə iştirak etmiş, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuş tələbəsi Aqil Həsənov çıxış etdi. O, Şuşa uğrunda döyüşlərdə Azərbaycanın mərd oğullarının qəhrəmanlıq tarixi yazdığını və alınmaz qala hesab edilən, sərt relyefə malik olan Şuşanın işğaldan azad edilməsinin dünya hərb tarixinə də ən mükəmməl taktiki döyüşlərdən biri kimi düşməsindən danışdı.
Tədbir dosent Zəfər Hüseynovun çıxışı ilə davam etdi. Bir Şuşa sakini kimi xatirələrini bölüşən Zəfər Hüseynov otuz ilə yaxın müddət ərzində işğal altında olan Şuşanın həsrəti ilə yaşadığını, lakin bu ədalətsizliklə barışmadığını vurğuladı. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin hər günü Azərbaycan tarixinə şərəfli bir gün kimi yazılırdı, qarış-qarış azad edilmiş doğma torpaqlarımızda müqəddəs üçrəngli Azərbaycan Bayrağı dalğalanırdı. Hər bir gün Azərbaycan xalqı üçün sevinc, qürur, Qələbəyə bir addım da yaxınlaşmaq demək idi. Lakin 2020-ci il noyabrın 8-də hər bir azərbaycanlının yaddaşından silinməyəcək tarixi bir hadisə yaşandı. Otuz illik torpaq həsrətinə son qoyan Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğalçılardan azad edilməsi xəbərini verdi. Bu, Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi, illərin həsrətinin sona yetməsi demək idi.
Sonda Şuşa haqqında mahnı ifa olundu. Tədbir iştirakçılarının hər birinə Xarı bülbül döş nişanları paylanıldı.
Mətbuat xidməti