SDU-nun rektoru “Ali təhsildə keyfiyyət təminatı” adlı beynəlxalq forumda iştirak etdi
Mayın 5-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda beynəlxalq forumun açılış mərasimi keçirilib.
Beynəlxalq forum ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərini müzakirə etmək məqsədilə təşkil olunub.
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, Azərbaycan təhsil məkanında Bolonya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artmasına öz töhfəsini verib. Həmçinin nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tətbiqi və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) tamhüquqlu üzvlük, eləcə də qeyd edilən istiqamət üzrə milli agentliklərlə əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Tədbirdə Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Jolanta Silka, Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin direktoru Vicki Stott, Niderland Krallığının Akkreditasiya Təşkilatının direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin vitse-prezidenti prof. Olgun Çiçek ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara uyğun təşkil edilməsindən danışıblar. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolundan bəhs ediblər.
İki gün davam edəcək Forumun ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru, Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) direktoru, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Beynəlxalq forumda Sumqayıt Dövlət Universitetinin rektoru prof. Elxan Hüseynov və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova iştirak etmişdir.
Mətbuat xidməti