Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Bilik günü münasibətilə “Heydər Əliyev - Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə keçirilmişdir.
Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı, jurnalistika üzrə fəlsəfə doktoru Almaz Mahmudlu çıxış edərək bildirdi ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusudur. Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olduğunu, Azərbaycanın dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını bildirdi. Qeyd etdi ki, Azərbaycan multikulturalizminin siyasi banisi olan ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu öndər Azərbaycan multikulturalizminin banisi oldu- deyən ekspert əlavə etdi ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi yoxdur.
Ekspert onu da vurğuladı ki, multikulturalizm ölkəmizdə artıq həyat tərzinə çevrilib. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ulu öndərin siyasi kursunun mübariz davamçısı Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev diqqətə çatdırdı ki, multikulturalizm ölkəmizin dövlət siyasətində prioritet istiqamətidir. Ulu öndər Heydər Əliyev hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı
Sonda tələbələrin sualları cavablandırıldı.
Mətbuat xidməti