SDU-nun kimya  və biologiya fakültəsinin bir qrup tələbəsi “Azərikimya” İstehsalat Birliyi və  Petkim Petrokimya Holdinq A.Ş. tərəfindən imzalanmış əməkdaşlıq haqqında niyyət  protokoluna müvafiq olaraq, Türkiyənin İzmir şəhərində, Petkim Petrokimya  Holdinq A.Ş.-də istehsalat təcrübəsi keçmişdir. 
Bu münasibətlə sentyabrın  17-də  Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov istehsalat təcrübəsindən  qayıdan tələbələri qəbul etdi və onları yeni tədris ili münasibətilə təbrik etdi,  qazandıqları uğura görə təşəkkürünü bildirdi. 
Görüşdə rektor qeyd etdi ki, dünyanın,  eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən  çox təcrübi biliklərə diqqət yetirirlər. Bütün bunlar qabaqcıl ölkələrin ali təhsil sisteminin sürətlə dəyişən  beynəlxalq iqtisadi bazarın tələblərinə cavab verməsini stimullaşdırır. Bu səbəbdən  nüfuzlu ali məktəblər öz tələbələrini tanınmış şirkətlərdə istehsalat təcrübəsi  keçməyə göndərir, həmin şirkətlərlə tədqiqat layihələrində əməkdaşlıq etməklə  sıx əlaqə yaratmağa çalışır. Bütün bunlar isə tələbələrə iş təcrübəsi qazanmaq  üçün əlverişli imkanlar yaradır. Sumqayıt Dövlət Universiteti də öz növbəsində tələbələrimizin  dünya  elmi praktikasından faydalanmaq  məqsədi ilə  xarici  ölkələrin universitetlərinə və sənaye müəssisələrinə istehsalat təcrübəsinə göndərir. Tələbələrimiz nəzəri biliklərini  bu müəssisələrdə təcrübədən keçirərək dünyada baş verən elmi yeniliklərlə  yaxından tanış olurlar. 
Professor Elxan Hüseynov diqqətə  çatdırdı ki, artıq iki ildir tələbələrimiz Türkiyə Cümhuriyyətinin İzmir  şəhərində istehsalat təcrübəsi keçirlər. Petkimdə təşkil olunan istehsalat təcrübəsi  tələbələrin həm universitetdə aldıqları nəzəri biliklərin təcrübə yolu ilə möhkəmləndirilməsi,  həm də müasir iqtisadi qloballaşma dövrünə uyğun dünyagörüşünün formalaşması  baxımından əhəmiyyətlidir.  Onu da qeyd  edim ki, universitetimiz Sumqayıt Texnologiyalar  Parkında və “Azərkimya” İB-nin müəssisələri ilə iş birliyi yaradaraq əlaqələrin  möhkəmlənməsinə, həmçinin, milli təhsilimizin inkişafına töhfələr verir.
Görüşdə çıxış edən Neft kimyası  və kimya texnologiyası kafedrasının dosenti, kimya elmləri namizədi Rəhilə Məmmədova   söylədi ki, tələbələr əvvəlcə ARDNŞ Azərikimya  İstehsalat Birliyinin yüksək təzyiqli polietilen və etilen zavodunda 10 gün  müddətində təcrübədə oldular. Təcrübədə kimya və biologiya fakültəsinin kimya  mühəndisliyi ixtisasının tələbələri Ülviyyə Əsgərova, Tünzalə Şərifzadə, Nərmin  İbadova, Sənubər Babayeva, Fəridə Rəhimli iştirak edirdilər. Təcrübədə universitetimizin  tələbələri ilə yanaşı, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan  Dövlət Neft Akademiyasının, Qafqaz Universitetinin tələbələri də  iştirak edirdilər. Daha sonra tələbələr təcrübənin  həmin universitetin tələbələri ilə birlikdə Türkiyənin İzmir şəhərində yerləşən  Petkim Petrokimya Holdinq A.Ş-də davam etdirdilər. Yüksək səviyyədə təşkil  olunmuş istehsalat təcrübəsi zamanı türkiyəli mütəxəssislər İnsan qaynaqları və  Petkim Akademiyasında tələbələrə holdinq, onun strukturu, fabrikləri, istehsal  edilən məhsullar, təhlükəsizlik tədbirləri və iş rejimi barədə ətraflı məlumatlar  verdi.
Dosent  Rəhilə Məmmədova onu da diqqətə çatdırdı ki, tələbələr etilen və polietilen  zavodu haqqında 20-ə yaxın səmərələşdirici təkliflər verdilər. İstehsalat təcrübəsində  Azərkimya İ.B və Petkim Petrokimya Holdinq A.Ş-nın nümayəndələrindən təşkil  olunmuş komissiyanın birgə rəyinə əsasən universitetimizin  tələbəsi Sənubər Babayeva 2-ci yerə layiq  görüldü. İstehsalat  təcrübəsinin sonunda  müəllim  və tələbələrə sertifikatlar təqdim  olundu. 
Tələbələr  istehsalat təcrübəsindəki təəssüratlarını bölüşdülər və onlara yaradılan şəraitə  görə  təşəkkür etdilər. 
Universitet  rəhbərliyi və çıxış edənlər  tələbələrimizə  göstərdikləri diqqət və qayğıya görə ARDNŞ Azərikimya İstehsalat Birliyinə və Petkim  Petrokimya Holdinq A.Ş-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. 
Sonda xatirə şəkilləri çəkildi.
Mətbuat xidməti
                
             