Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Yerləşdirilmə tarixi : 13 May 2022 12:21
SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Mayın 13-də Sumqayıt Dövlət Universitetinin Elmi  kitabxanasında Tarix və coğrafiya fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodik dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi. 
Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti iştirak etdilər. 
Sərgini giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, müəllifləri təbrik etdi və təqdimatın əhəmiyyətindən söhbət açdı. Artıq universitetdə ənənə halını almış belə tədbirlərin nüfuzunun xeyli dərəcədə artdığını vurğuladı. Bildirdi  ki, bu vəsaitlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.
Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək kitablar haqqındakı fikirlərini bölüşdü və sözügedən nəşrlərdə kifayət qədər maraq doğuran məqamların olduğunu diqqətə çatdırdı.
Sonra Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev  çıxış edərək  müəllifləri təbrik etdi və yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü ifadə etdi. Azərbaycan tarix elminin gələcəyini təmin etmək, yüksəkixtisaslı tarixçi kadrlar yetişdirmək məqsədilə fəaliyyət göstərən fakültədə görülən işlər barədə məlumat verdi. Qeyd etdi ki, yeni nəşrlərin işıq üzü görməsində əsas məqsəd Azərbaycan  tarixini qərəzsiz və olduğu kimi tələbələrə çatdırmaq, bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalara dair məlumat verməkdir. Bu dərs vəsaitində Azərbaycan tarixinin öyrənilməsinin xronoloji çərçivəsi müəyyənləşdirilərək, dövrün öyrənilməsinə aid mənbəşünaslıq və tarixşünaslıq materiallarının əhəmiyyəti şərh edilmişdir. Dekan onu da diqqətə çatdırdı ki, bütün elmlər əhəmiyyətlidir. Amma bunların içərisində tarix xüsusi yer tutur. Çünki bütün elmlərin tarixini də bizə tarix öyrədir. Tarix sənin ölkənin, xalqının tərcümeyi-halıdır.Tarix milli kimliyin formalaşmasında böyük rol oynayır. Biz əsl həqiqətləri tarix vasitəsilə öyrənirik. Bu gün tarixçilər azad olunmuş ərazilərdə faktları tədqiq etməklə oradakı erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar.
Çıxış edən müəlliflər nəşr etdikləri metodik dərs vəsaitləri haqqında məlumat verdilər, bildirdilər ki, nəşrlər tarix və coğrafiya üzrə ixtisaslaşan alimlər, mütəxəssislər, ali məktəblərin tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az