SDU-da “Gənclərdə özünəinam hissini inkişaf etdirən sosial-psixoloji amillər” mövzusunda tədbir keçirildi
Mayın 13-də Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsində “Gənclərdə özünəinam hissini inkişaf etdirən sosial-psixoloji amillər” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə universitetin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev açaraq, tədbirin əhəmiyyətindən söz açdı, bildirdi ki, tədbirin məqsədi gənclərdə özünəinam hissinin gücləndirilməsinə, onların ictimai fəallıqlarının artırılmasına və hədəflərini doğru müəyyən etmələrinə nail olmaqdır.
Sumqayıt Dövlət Universitetinin Pedaqoqika və psixologiya kafedrasının baş müəllimi və Bioloji təbabət klinikasının psixoloqu İradə Hüseynova “Gənclərdə özünəinam hissinin formalaşması”, Sumqayıt Gənclər Evinin psixoloqu Gülnar Yusifova “İnkişafa marağı stimullaşdırmağın yolları və üsulları”, Sumqayıt Dövlət Universitetinin Pedaqoqika və psixologiya kafedrasının dosenti Kəmalə Salamova “Tələbələrdə özünəinamın formalaşması sosial və peşəkar inkişaf amili kimi”, “Nur kids” tədris mərkəzinin və eyni zamanda “Turan” klinikasının psixoloq-konsultantı Aynur Şıxəliyeva “İnsanın özünüqiymətləndirməsi nədir və özünəinam hissinin artırılmasında özünüqiymətləndirmənin rolu nədir?” mövzularında çıxış etdilər. Çıxışçılar gəncliyi düşündürən bu məsələ ilə bağlı psixoloji cəhətdən öz fikirlərini bölüşərək, gənclər arasında yaranan münasibətlərin düzgün məcrada davam etməsinin istiqamətləri, uğurlu və uğursuz nəticələri barədə geniş, məzmunlu söhbət apardılar. Qeyd etdilər ki, özünəinam hissi insanın özünə güvənməsi, özünü sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörməti, özünə qarşı məmnuniyyətin ifadəsidir. Özünəinam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühit və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır.
Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək tədbirin tələbələr üçün əhəmiyyətindən bəhs etdi, məruzəçilərə təşəkkürünü ifadə etdi. Bildirdi ki, tədbirin məqsədi tələbələrdə özünəinam hissinin formalaşması yollarını öyrənmək, özünəinam hissinin aşılanması xüsusiyyətlərini aşkar etməkdir.
Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı, tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş olundu və tələbələr arasında psixoloji test aparıldı.
Qeyd edək ki, tədbir “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı çərçivəsində keçirilib. “ON1000” Tələbə Gənclər Təşkilatlarının dəstək proqramı, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “ON1000” Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsidaxili fəaliyyətlərinin stimullaşdırılması, institusional baza və koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək proqramıdır.
Mətbuat xidməti