Elmi Şuranın növbəti iclası keçirildi
Mayın 18-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi. Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.
Bildirdi ki, mayın 17-də universitetin Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi Vahid Əzizlə “Sözün sevgi kölgəsi” adlı görüş keçirilmişdir. Görüşün sonunda kollektiv tərəfindən şairin “Param-parça illər...” kitabının Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması barədə təklif irəli sürülmüşdür. Rektor məsələ ilə bağlı sözü Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyevaya verdi.
Dekan çıxış etdərək qeyd etdi ki, Xalq şairi Vahid Əzizin “Param-parça illər...” şeirlər kitabı SDU-nun professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə müzakirə olunmuş, geniş oxucu kütləsinin çoxsaylı müraciətləri, həmçinin Filologiya fakültəsinin 10.05.2022-ci il tarixli iclasının (prot. № 08) qərarı ilə kitabın Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilməsi SDU-nun Elmi Şurasına tövsiyə olunmuşdur.
Sonra Xalq şairi Vahid Əzizin “Param-parça illər...” şeirlər kitabı haqqında Elmi Şuranın üzvləri öz fikirlərini bildirdilər. Professor Adil Baxşəliyev, professor Avtandil Məmmədov, professor Muxtar Səmədov, dosent Qadir Mənsurov, dosent Sona Məhərrəmova müəllifin şeirlərinin yüksək vətənpərvərlik ruhunda yazıldığını, eyni zamanda onun vətənini, xalqını sevən dəyərli vətəndaş olduğunu bildirdilər.
Rektor professor Elxan Hüseynov Xalq şairi Vahid Əzizin həqiqi mənada vətənpərvər insan olduğunu bildirdi və kitabın Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması fikrini dəstəklədi. Sonra kitabın Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması haqqında qərar qəbul edildi və kitaba SDU-nun Elmi Şurası tərəfindən verilən rəy təsdiq olundu.
2021/22-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına və Dövlət attestasiyasına hazırlığın vəziyyəti haqqında bakalavriat səviyyəsi üzrə Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kolleci üzrə SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər. Bildirdilər ki, SDU-nun bütün fakültələrində, eləcə də SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecində yaz semestrinin imtahan sessiyası və Dövlət attestasiyası üzrə zəruri işləri tamamlamaq üçün ciddi səy göstərilir. 2021/22-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını və Dövlət attestasiyasının mütəşəkkil keçirilməsini təmin etmək üçün zəruri sənədlərin hazırlanması və vaxtında aidiyyatı şöbələrə təhvil verilməsi fakültə dekanlarına və kafedra müdirlərinə tapşırılıb.
SDU-da müasir “İnnovasiya Yaradıcılıq Mərkəzinin”nin yaradılması istiqamətində universitetdə görülmüş işlər, bu sahədə xarici təcrübənin öyrənilməsinin nəticələri və qarşıda duran vəzifələr barədə Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Elmi hissənin müdiri dosent Samir Orucov geniş çıxış etdilər. Qeyd etdilər ki, SDU və sənaye müəssisələrindən mütəxəssislərin cəlb edilməsi ilə müvafiq ixtisaslar üzrə ekspert qiymətləndirmə qrupunun, ideyalar üzrə innovasiya fondunun və müvafiq ixtisaslar üzrə mentor qrupunun yaradılması məqsədəuyğundur. Bu istiqamətdə mentor qrupu üçün təlimlərin təşkili məqsədilə birinci mərhələdə Türkiyədən təlimçilərin dəvət olunması, ikinci mərhələdə mentorların Türkiyədə mövcud olan texnoparklara təcrübə toplamaq üçün ezam olunmasını məqsədəuyğun hesab etdilər.
Müzakirə olunan məsələnin müasir tələblərə uyğunluğu və perspektivli olduğu nəzərə alınaraq, rektor professor Elxan Hüseynovun tapşırığı ilə irəli sürülən təkliflərin sistemləşdirilməsi və bu istiqamətdə görüləcək işlərin planının hazırlanması məqsədilə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovun rəhbərliyi ilə işçi qrupunun yaradılması qərara alındı.
Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi. Qeyd etdi ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya 1 dərs vəsaiti və 3 fənn proqramı daxil olub. Həmin tədris vəsaitlərinə uyğun elm sahələri üzrə Redaksiya və nəşriyyat şurasının bölmələrində və universitetin Tədris-metodiki şurasında baxılıb, ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilib.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Elmi katib professor Muxtar Səmədov müzakirə olunan məsələlərin qərarı ilə şura üzvlərini tanış etdi və qərarlar yekdilliklə qəbul edildi.
Sonra rektor Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilovu, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayevi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılını, Tələbə Gənclər
Təşkilatının yeni sədri Elmin Novruzlunu kollektivə təqdim edərək onları yeni təyinatları münasibətilə təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
Mətbuat xidməti