SDU-nun Elmi kitabxanasında növbəti kitab təqdimatı keçirildi
Mayın 19-da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Mühəndislik fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodik vəsaitlərin təqdimatı və sərgisi keçirildi.
Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Sərgini giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, müəllifləri təbrik etdi və təqdimatın əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, müasirləşən, inkişaf edən dünyamızın bir hissəsi sayılan Azərbaycanda da bu gün informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilir, həyatımızın bütün sahələrində onun imkanlarından yararlanılır, həmçinin universitetdə tədris və təhsil müasir çağırışlara, zamanın tələbinə uyğun təşkil olunur. Prorektor onu da əlavə etdi ki, bacarıqlı mühəndis yetişdirmək üçün istehsalat müəssisələri ilə universitetlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulur, tələbə universiteti bitirənə kimi həm nəzəri, həm də praktiki olaraq ixtisasına tam bələd olur. Bu istiqamətdə tələbələrin nəzəri biliklərinin artırılmasında belə nəşrlərin əhəmiyyətli rolu vardır.
Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək mühəndislik ixtisası üzrə nəşr olunan dərs vəsaitlərinin aktuallığından bəhs etdi.
Sonra Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış edərək müəllifləri təbrik etdi və yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü ifadə etdi, ölkədə mühəndis ixtisaslarında tədrisin hazırkı durumu, problemləri və üstünlükləri barədə danışaraq bu istiqamətdə fakültədə aparılan işlərdən söz açdı. Bildirdi ki, müasir dünyada elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər bir tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Bu imkanların başında, şübhəsiz, kompüter ilk sıralarda gəlir. İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi.
Dekan nəşr olunmuş dərs vəsaitlərinin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, mühəndisyönümlü ixtisaslar üzrə təhsil alan bakalavr, magistrant və doktorantlar üçün nəzərdə tutulmuş bu dərs vəsaitləri mühəndis, informatika elminin müasir səviyyəsinə uyğun şəkildə tərtib olunaraq bu sahə üzrə günün tələblərinə cavab verir.
Çıxış edən müəlliflər nəşr etdikləri metodik vəsaitlər haqqında məlumat verdilər. Bildirdilər ki, nəşrlər mühəndislik sahəsi üzrə ixtisaslaşan alimlər, mütəxəssislər, ali məktəblərin tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti