Bioloqlar Şirvan Milli Parkında oldular
Mayın 22-də Kimya və biologiya fakültəsinin 338, 334, 333-cü qrup tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri: Aysel Ağayeva və Xanəhməd Həsənovun rəhbərliyi ilə Şirvan Milli Parkında oldular. Ekskursiyanın məqsədi tələbələri beynəlxalq Biomüxtəliflik Günü ilə bağlı parkın zəngin florası və faunası ilə tanış etməkdən ibarət idi.
Qeyd edək ki, bioloji müxtəliflik yer üzərində bütün canlıların: mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. 1992-ci ildə Keniyanın Nayrobi şəhərində planetimizin bioloji irsinin mühafizəsi məqsədilə Bioloji Müxtəliflik haqqında Konvensiya qəbul olunmuşdur. 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin Beynəlxalq Bioloji Müxtəliflik Günü elan etmişdir. Elə həmin ildən Azərbaycan Respublikası Konvensiyaya qoşulmuşdur. Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq, respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Son illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejimi gücləndirilmiş, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Məhz bu səbəbdən müəllimlər tələbələri Beynəlxalq Biomüxtəliflik Günündə respublikamızda xüsususi mühafizə olunan ərazilərdən biri olan Şirvan Milli Parkı ilə tanış etdilər.
Şirvan Milli Parkı respublika ərazisində yaradılmış ilk milli park olub, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 5 iyul 2003-cü ildən fəaliyyətdədir. On milli parkdan biri olan Şirvan Milli Parkı Kür-Araz ovalığında ‒ Qaradağ, Salyan və Neftçala rayonları ərazisində yerləşib, 54 374,5 ha sahəni əhatə edir. Milli Parkın direktor müavini Seymur müəllim SDU-dan gələn nümayəndə heyətini qəbul edərək onlara parkın flora və faunası, həmçinin “Qırmızı kitab”a daxil olan növləri haqqında məlumat verdi. Daha sonra tələbələr bələdçi müşayiətilə parkla tanış oldular, durbinlə ceyran sürülərini, su-bataqlıq quşlarını müşahidə etdilər. Tələbələr quşların miqrasiya yollarında yerləşən Qızılqaz gölündə su quşlarının qidalanmalarını izlədilər. Kimya və biologiya fakültəsinin tələbələrinin 22 May ‒ Beynəlxalq Biomüxtəliflik Günü ilə bağlı Şirvan Milli Parkına ekskursiyası maraqlı anlarla hələ uzun müddət tələbələrin yaddaşlarında qalacaqdır.
Mətbuat xidməti