“Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” mövzusunda Avropa Komissiyasının TEMPUS layihəsinə yekun vuruldu.
Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcra Agentliyinin dəstəyi ilə 2011-2015-ci illərdə Köln Tətbiqi Elmlər Universiteti, QratTexniki Universiteti, Varşava Texniki Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti TEMPUS layihəsini uğurla həyata keçirmişdir. Layihənin müvəffəqiyyətlə başa çatması Azərbaycanda yüksək ixtisaslı mühəndis kadrların hazırlığı prosesinin təkmilləşdirilməsinə, Avropa təhsil sisteminə inteqrasiyasına və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə təkan verəcəkdir.
İlk dəfə olaraq, Sumqayıt Dövlət Universitetinin 3 ixtisası (bakalavr təhsili üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi və magistr təhsili üzrə kimya sənayesində enerji menecmenti ixtisasları), Azərbaycan Texniki Universitetinin 4 və Dövlət Neft və Sənaye Universitetinin 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatına layiq görüldü. Onu da qeyd edək ki, sentyabrın 23-də Azərbaycan Texniki Universitetində Avropa Komissiyasının TEMPUS layihəsinin yekun konfransı keçirildi.
Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” kimi proqram sənədlərində Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi ilə yanaşı,Azərbaycan təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara cəlb olunması mühüm yer tutur.
Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri xanım Malena Mard,Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Yevgeni Schoenfeld, Layihənin koordinatoru, Köln Texniki Universitetinin professoru Reza Talebi-Dəryani, Azərbaycanda “Erasmus+proqramlar” ofisinin rəhbəri Pərviz Bağırov konfransda çıxış edərək Azərbaycan Respublikası ali məktəblərində Avropa Komissiyasının TEMPUS layihəsi ilə bağlı görülmüş işlərin əhəmiyyətindən danışdılar.
Onu da qeyd edək ki, Köln Tətbiqi Elmlər Universitetinin saytında “Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması” mövzusunda Avropa Komissiyasının TEMPUS layihəsinin yekunu barədə məqalə dərc olunub.
Mətbuat xidməti