ABŞ-ın Azərbaycandakı Səfirliyi və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin II mərhələsi başa çatdı
Oktyabrın 18-dən ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə “Fellowship” proqramı çərçivəsində SDU-nun akademik heyəti üçün təlimlərin keçirilməsinə start verilmişdir.
Məlumat verdiyimiz kimi, 21 fevral 2022-ci il tarixindən başlayan təlimlərin ikinci turu universitetin digər fənlərini tədris edən professor-müəllim heyəti üçün təşkil olunmuşdur.
“Akademik məqsədlər üçün ingilis dili” adlı 15 həftəlik təlimlərin məqsədi akademik heyətin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə açılması nəzərdə tutulan ingilis dilində tədris prosesi üçün potensial imkanların artırılmasıdır.
ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təqdim olunmuş ingilis dilinin tədrisi metodikası və “TESOL” üzrə mütəxəssis Maykl Moak tərəfindən aparılan dərslərə universitetin bütün fakültələrindən professor-müəllim heyətinin üzvləri cəlb olunmuşdur. Kursun proqramı ingilis dilində qrammatik yazı qaydalarının düzgün istifadəsinin, düzgün oxu bacarıqlarının və danışıq vərdişlərinin tədrisini əhatə edirdi.
Təlimin yekununda onlayn test, çalışma və essedən ibarət yekun imtahan keçirildi. İmtahan nəticələri barədə yaxın vaxtda məlumat veriləcəkdir. Yüksək müvəffəqiyyət göstəricisi əldə etmiş təlim iştirakçıları ABŞ Səfirliyi tərəfindən sertifikatlara layiq görüləcəklər.
Qeyd edək ki, təlimlərin növbəti – III mərhələsinin keçirilməsi planlaşdırılır.
Mətbuat xidməti