SDU-nun bir qrup alimi Şuşaya səfər etdi
“Şuşa İli” çərçivəsində III Beynəlxalq Qarabağ “Sosial və humanitar elmlərdə müasir araşdırmalar” konfransının proqramına uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşının: Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədovan, Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, eləcə də Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Arzu Hüseynovanın iyunun 8-də Şuşa şəhərinə səfəri təşkil olunmuşdur. Belə ki, onların konfransa göndərdikləri tezislər qəbul olunmuş və konfransın qaydalarına uyğun olaraq, açılış mərasimindən öncə məqaləsi qəbul olunan 100-dək alimin Şuşa şəhərinə səfəri təşkil edilmişdir.
Səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırkı mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdır.
Səfər iştirakçıları Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları “Zəfər simvolu” hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət etdilər və 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etdilər.
Alimlər qeyd etdilər ki, “Qarabağın tacı” olan Şuşa xalqımız üçün əziz məkan və milli simvoldur. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub-saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Qeyd edək ki, Şuşa şəhərinin inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi əməyi olmuşdur. Belə ki, ötən əsrin 70-ci illərində Şuşa şəhərinin sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bugünkü Şuşanın yenidən qurulması isə İlham Əliyevin adı ilə bağlıdır. Beləki, 44 günlük Vətən müharibəsində - 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi. Bu tarix “Zəfər Günü” kimi xalqımızın yaddaşına həkk olundu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə “Vaqif Poeziya Günləri”nin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.
Qalib və qüdrətli Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.