SDU-da Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi
İyunun 10-da Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı şəhər ümumtəhsil məktəblərinin IX‒XI sinif şagirdləri arasında Azərbaycan tarixi üzrə fənn olimpiadası keçirildi. Fənn olimpiadalarının keçirilməsi artıq universitetimizdə ənənə halını alıb.
Olimpiadanın açılışında Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov çıxış edərək olimpiadanın əhəmiyyəti və məqsədindən söhbət açdı. Bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” planına uyğun olaraq, yeniyetmələrdə erkən yaşlarda elmə maraq yaratmaq, istedadlı şagirdlərin aşkar edilməsi, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlarda vətən tarixinə maraq oyatmaq, vətənpərvərlik hissi aşılamaq, vətənini və dövlətini sevən bir vətəndaş kimi formalaşdırmaqdan ibarətdir.
Prorektor tarix fənninin üstünlüklərindən danışaraq qeyd etdi ki, tarix hər bir xalqın milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir. Tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında qədim zamanlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab olunur. Azərbaycanda yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsində, onlarda vətənə, torpağa, vətənpərvərlik hisslərinin tərbiyəsində, həmçinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında Azərbaycan tarixi fənninin rolu əvəzsizdir. Prorektor onu da qeyd etdi ki, Azərbaycanın İkinci Qarabağ ‒ 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Professor Ramazan Məmmədov şagirdlərə gələcəyin savadlı mütəxəssisləri timsalında uğurlar və olimpiadada müvəffəqiyyətlər qazanmağı arzuladı.
Qeyd edək ki, Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 41 tam orta məktəb və 4 liseydən 218 nəfər şagird iştirak etdi. Şagirdlərə iki variantda təqdim edilmiş suallar Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tərəfindən tərtib edilmişdi.
Şagirdlər 90 dəqiqə vaxt ərzində sualları cavablandırdılar. Olimpiadanın sonunda qaliblərə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edildi.
Mətbuat xidməti