Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi
Yerləşdirilmə tarixi : 14 İyun 2022 14:42
SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu münasibətlə iyunun 14-də Sumqayıt Dövlət Universitetində “15 İyun ‒ Ulu öndərin hakimiyyətə qayıdışı – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir” mövzusunda  onlayn formatda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə rektor professor Elxan Hüseynov açaraq Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik etdi və bu günün qeyd edilməsinin əhəmiyyətindən bəhs etdi.  Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin ‒ xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun ‒ Milli Qurtuluş Gününü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Rektor Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müasir müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, neft strategiyasının təməlinin qoyulduğu, ümummilli liderin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik nüfuzunun artması sahəsində böyük işlərin görüldüyünü diqqətə çatdırdı. 
Sonra Tarix və coğrafiya fakültəsinin dekanı, Əməkdar müəllim, professor Adil Baxşəliyev   “15 İyun 1993-cü il Azərbaycan dövlətçiliyinin  xilası tarixidir” mövzusunda məruzə ilə çıxış edərək müstəqil dövlətimizin qurtuluş tarixi, Heydər Əliyevin xilaskarlıq missiyası barədə məlumat verdi, ümummilli liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətlə xalqın birliyinin təmin edildiyini, demokratik hüquqi dövlətin qurulduğunu vurğuladı.
Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Konfransda  İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva “Ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycanda iqtisadi durum”, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının assistenti Sevinc Hadıyeva “Heydər Əliyevin Azərbaycanda daxili siyasi böhranın qarşısının alınmasında tarixi xidmətləri”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Elşad Əliyev “Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Heydər Əliyevin xarici siyasəti”, Mühəndislik fakültəsinin III kurs tələbəsi Nuranə Əhmədova “ İlham Əliyevin siyasi fəaliyyəti Heydər Əliyevin parlaq siyasətinin davamıdır”  mövzularında məruzə etdilər. Ulu Öndərin fəaliyyəti sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ hüquqi bazanın yaradıldığını diqqətə çatdırdılar.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az