Sentyabrın 29-da universitetimizin Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş Tarix və coğrafiya fakültəsinin II kurs tələbələrinə partiya biletləri təqdim olundu.
Tədbirdə fakültənin dekanı, professor Adil Baxşəliyev partiyanın yaranması tarixindən danışaraq qeyd etdi ki, 1992-ci il 21 noyabr tarixində ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradıldı və tarixi bir missiyanı yerinə yetirərək Azərbaycanı o dövürki ağır vəziyyətdən xilas etdi.Yeni Azərbaycan Partiyası Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində respublikamızın möhkəmləndirilməsi, demokratik və mənəvi dəyərlərin yaşadılması, sosial-iqtisadi, siyasi və ordu quruculuğu sahələrində müqayisə olunmaz inkişafa nail oldu. Hazırda respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələri göz bəbəyi kimi qorunur və daha da inkişaf etdirilərək yeni-yeni uğurlara imza atılır.
Professor YAP sıralarına qəbul olmuş tələbələrə belə bir partiyanın üzvü olmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli olduğunu diqqətə çatdırdı. Siz partiya üzvü kim həm universitetimizin həyatında, həm də gələcəkdə ölkəmizin müxtəlif sahələrində bir gənc mütəxəssis kimi partiya prinsipləri əsasında fəaliyyət göstərəcəksiniz. Mən hər birinizi universitetin rektoru Elxan Hüseynovun adından təbrik edirəm.
Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi sabitlik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmaqdan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd etdi. Ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman Azərbaycançılıq, dövlətçilik və yaradıcı təkamül kimi prinsipləri əsas götürdüyünü, bu prinsiplərin daim yaşadığını, hazırda partiyaya gənclərin böyük axın etdiyini bildirdi. Sonda Yeni Azərbaycan Partiyasına üzv qəbul olmuş tələbələrə biletlər təqdim olundu.
Mətbuat xidməti