SDU-da İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019‒2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda Azərbaycan universitetlərində biznes-yaradıcılıq mühitinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi göstərilmişdir. Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitet nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulmuş və müvafiq işlərin həyata keçirilməsinə başlanılmışdır.
SDU-nun rektoru professor Elxan Hüseynovun 27 may 2022-ci il tarixli R-29/1 nömrəli əmri ilə İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə İşçi qrupu, Mentor qrupu və Ekspert qrupu yaradılmış, İşçi qrupunun Fəaliyyət planı təsdiq edilmişdir.
Sözügedən istiqamətdə həyata keçiriləcək işlərə müvafiq olaraq 5 iyul 2022-ci il tarixində İşçi qrupun üzvləri: universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və Elmi hissənin müdiri Samir Orucov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzini ziyarət etmiş, universitetlərdə müasir innovativ texnoparkın yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübə toplamışlar. Görüş zamanı İNNOLAND-ın Startaplarla iş üzrə bölmə müdiri Tengiz Atakişiyevlə texnoparkların məqsədi və səmərəli fəaliyyəti haqqında, gələcək əməkdaşlıq barəsində geniş müzakirələr aparılmışdır.
Sevindirici hal kimi qeyd etmək istərdik ki, SDU-nun məzunu Fidan Rüstəmli İNNOLAND-ın nəzdində yaradılmış “Gameponds” şirkətində icraçı direktor və Webplay VS şirkətində Regional direktor, digər məzunumuz Sənan Abdullayev isə SUP VS şirkətində Proqram meneceri vəzifəsində çalışırlar.
Görüşdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə SDU arasında müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi məsələsi qərara alındı.
Mətbuat xidməti