SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin İşçi qrupunun türkiyəli beynəlxalq mentorlarla görüşü keçirildi
SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitet nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması üçün nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.
Cari ilin aprel ayında universitetin bir qrup əməkdaşı Türkiyə Cümhuriyyətinə ezam olunmuş və ezamiyyət proqramı çərçivəsində Texnopark İstanbul, Bilişim Vadisi, İTU ARI Texnokent, Bursa Uludağ Universitetinin və Bursa Texniki Universitetinin Teknoparklarını ziyarət etmiş, universitetlərdə müasir innovativ texnoparkın yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübə toplamışlar. Təcrübənin nəticəsi olaraq, müəyyən edilmişdir ki, texnoparkların səmərəli fəaliyyəti məhz həmin bölgədə mövcud olan istehsal müəssisələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində mümkün olur. Bu təcrübəni nəzərə alaraq, bütövlükdə ölkəmizin innovativ inkişaf sahəsində ümumi maraqlarına cavab verən hədəflərə nail olmaq üçün 6 iyul 2022-ci il tarixində SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin İşçi qrupunun üzvləri: universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev və Elmi hissənin müdiri Samir Orucov ilə Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı və TUBİTAK-ın məsul əməkdaşları, Startap yaradıcılığı üzrə Beynəlxalq mentorlar: dosent Dəniz Vuruşkan və dosent Hakan Özkaynak arasında “Zoom” platforması üzərindən müşavirə görüşü keçirilmişdir. Tədbir zamanı SDU-da İYM-nin addım-addım innovasiya və yaradıcılıq işlərinin qurulması və bu mərkəzin işlətmə planı müzakirə edilmiş, geniş təqdimatlar keçirilmişdir. Tədbirin gedişatında qardaş Türkiyə ali məktəblərində texnoparkların fəaliyyətinin təşkili təcrübəsindən yararlanmaq məqsədilə növbəti mərhələdə aidiyyəti olan mütəxəssislər ilə müqavilələrin bağlanması və onlarla yaxın zamanda ikitərəfli səmərəli iş qurulması planlaşdırılmışdır.
Təşkil edilmiş görüşün nəticəsi olaraq İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təşkili məsələlərinə həsr olunmuş bir sıra araşdırmaların aparılması və müvafiq təlimlərin keçirilməsi məqsədilə türkiyəli mütəxəssislərin SDU-ya dəvət olunmalarının vacibliyi qənaətinə gəlinmişdir.
Mətbuat xidməti