Nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər. Əzəl başdan türkün süfrəsində ağsaqqal, ağbirçək xeyir duası olub. Onların həyat təcrübəsindən, müdrik kəlamlarından bəhrələnən nəsillər sevgi, mərhəmət hissi ilə əhatə olunublar. Bu gün ağsaqqal, ağbirçək məsləhətinə böyük hörmət və ehtiramla yanaşılır. Professor Həsən Sadıqov, Əvəz Mahmud Lələdağ, Firudun Məmmədov, Səməndər Məmmədov, Rəna Dadaşova və digər ahıllar universitetimizdə keçirilən mötəbər tədbirlərdə öz sözlərini, xeyir-dualarını, məsləhətlərini tələbələrə ünvanlayır, onları gələcəkdə cəmiyyətimizi, elimizi-obamızı dünyada öz bilik və bacarıqları ilə tanıtmaları üçün səsləyirlər. Bu gün tarixin yaddaşına yazılan Ahıllar günü universitetimizin rəhbərliyinin də diqqətindən yayınmadı. Hər bir fakültədə bayram süfrəsi açıldı. Qocaman müəllimlərin universitetimizlə bağlı xatirələri marağımıza səbəb oldu.
Oktyabrın 1-də belə bir tədbirin keçirildiyi fakültələrdən birində - Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamilla Əhmədova öncə qocaman müəllimləri təbrik etdi, onlara can sağlığı, uzun ömür arzuladı, sizin varlığınız və pedaqoji təcrübəniz universitetimizin müəllim-tələbə heyəti üçün çox gərəklidir söylədi. Ölkəmizdə 1993-cü ildən Beynəlxalq Ahıllar günün qeyd olunması ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyev də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir.
Fakültələrdə təşkil olunmuş bayram süfrəsi ətrafında keçən maraqlı söhbətlər ahıl insanlara fərəhli anlar yaşatdı və onlar universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkü etdilər.
Mətbuat xidməti