SDU BMT-nin Akademik İmpact sertifikatını qazandı
Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Planına uyğun olaraq qarşıya qoyulmuş 7 əsas hədəfdən biri ali təhsil müəssisəsinin yüksəkreytinqli universitetə çevrilməsidir. SDU-nun beynəlxalq reytinqlərdə təmsil olunmasını təmin etmək məqsədilə genişmiqyaslı işlərə başlanılmışdır. Hədəflədiyimiz strategiyaya uyğun olaraq, dünya reytinq bazalarında SDU-nun profili yaradılmış və hər bir reytinqə uyğun metodologiyaların işlənilməsi həyata keçirilir.
SDU öz fəaliyyətində BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədini əhatə etdiyini linklərə əsaslanan hesabat şəklində Academic İmpact Şəbəkəsinə təqdim etmişdir. 6 iyul 2022-ci il tarixində SDU BMT-nin Akademik Təsir Şəbəkəsinə üzv qəbul olunmuş və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin rəhbəri Robert Skinnerin imzası ilə təsdiqlənmiş sertifikata layiq görülmüşdür. Sertifikat və üzvlük kitabçası elektron şəkildə təqdim olunmuşdur.
Bu münasibətlə SDU kollektivini təbrik edirik!
BMT “Academic İmpact” Şəbəkəsi 2010-cu ildə BMT-nin Baş Katibi Ban Ki-Moon tərəfindən dünya miqyasında universitetləri Birləşmiş Millətlər Təşkilatı ilə daha yaxından əlaqələndirmək, sülh, insan hüquqları və dayanıqlı inkişaf da daxil olmaqla, qlobal prioritetləri təşviq etmək və gələcək nəsilləri təhsil, tədqiqat, innovasiya vasitəsilə maarifləndirmək məqsədilə yaradılmışdır. Onun 147 ölkədəki 1500 üzvlük təşkilatı dünya üzrə təhsil və tədqiqat sektorlarında çalışan təxminən 25 milyon insanı əhatə edir.
Qeyd edək ki, illik olaraq dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək reytinq cədvəlini açıqlayır.
Mətbuat xidməti