SDU-da İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində növbəti görüş keçirildi
İyulun 28-də Sumqayıt Dövlət Universitetinin kiçik Akt zalında universitetdə İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinə dair növbəti görüş keçirildi.
Tədbiri SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçıları salamladı, innovasiya yaradıcılıq mərkəzlərinin yaradılmasının əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019‒2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda Azərbaycan universitetlərində biznes-yaradıcılıq mühitinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi göstərilmişdir. Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitetin nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulmuş və müvafiq işlərin həyata keçirilməsinə başlanılmışdır. Bu istiqamətdə Mərkəzin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə İşçi qrupu, Mentor qrupu və Ekspert qrupu yaradılmış, İşçi qrupunun Fəaliyyət planı təsdiq edilmişdir.
Sumqayıt Dövlət Universitetində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində görüşlər bir çox müəssisələrdə davam etdirilmiş, uğurlu nəticələr əldə olunmuşdur.
Universitetlərdə müasir innovativ texnoparkların yaradılması və səmərəli fəaliyyətinin təşkil edilməsi istiqamətində dəyərli təcrübələrini əsirgəməyən Türkiyə Respublikasının Milli Eğitim Bakanlığının nümayəndəsi, beynəlxalq mentor Hakan Özkaynak çıxış edərək bu istiqamətdə görülən və görüləcək işlər barədə danışdı, həmçinin qardaş Türkiyədə startaplarla iş, texnoparkların məqsədi və səmərəli fəaliyyəti haqqında təqdimatla çıxış etdi.
Görüşün sonunda SDU-da yaradılacaq İnnovasiya Yaradıcılıq Mərkəzi ilə müəssisələr arasında gələcək əməkdaşlıq barəsində müzakirələr aparıldı, müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi qərara alındı və müəyyən təkliflər səsləndirildi.
Mətbuat xidməti