Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə bayram tədbiri keçirildi. Əvvəlcə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Universitetin Böyük akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.
Tədbir iştirakçılarına “Beynəlxalq Müəllimlər Günü” münasibətilə xoş arzularını çatdıran universitetin rektoru, professor Elxan Hüseynov cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirdi. 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Sevindirici haldır ki, Azərbaycanda Müəllimlər Günü isə 1993-cü ildən etibarən keçirilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix Müəllimlər günü kimi anılır.
Müəllim əməyinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyindən və bu qayğının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğundan bəhs edən rektor vurğuladı ki, ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə daim hörmətlə yanaşmış, onların rifah halının yaxşılaşdırılması üçün hərtərəfli şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Rektor Elxan Hüseynov nəzərə çatdırdı ki, bu gün dövlət tərəfindən təhsil işçilərinə göstərilən münasibət müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir. İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim işləyir. Hal-hazırda universitetimizdə müəllim adını şərəflə daşıyan öz peşəsinin vurğunu olan, hər bir tələbənin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı və səriştəli müəllimlərimiz yetərli qədərdir.
Son illər milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası ” bilavasitə mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemini müasirləşdirir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi qara qızılın insan kapitalına çevrilməsi işi uğurla davam edir. Bu illər ərzində yaradılmış maddi-texniki, elmi və pedaqoji baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.
Universitetimizin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzun müddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimlərimiz universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Konfederasiyası tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Ölkəmizin mədəniyyətini dünyada tanıdan incəsənət xadimləri öz çıxışları ilə universitetimizin professor -müəllim heyətini təbrik etdilər. Respublikamızın əməkdar artisti Ramil Qasımovun səsinin sehrində “Azərbaycan” mahnısı dinləyiciləri ovsunladı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərovun “Sevgili canan”ı, əməkdar artist Lalə Məmmədovanın “Məktəb illəri” və əməkdar artist Fərid Əliyevin estrada mahnıları və universitetimizin “Səma” rəqs qrupunun ifaları müəllimlərimizin bayram sevincinə sevinc qatdı.
Mətbuat xidməti